Sentyabrın əvvəlində “Azərişıq”dan fərdi mənzillərə gələn “işıqpulu” qəbzləri əksər ailələləri təəccübləndirib. Qəbzlərdə əvvəlki aylara nisbətən sərfiyyat azı 50 faiz, bəzi hallarda 2 dəfə artıq qeyd olunub, hesablanan borc da təbii ki, buna uyğun şəkildə yüksəkdir. Məlumdur ki, avqust ayı çox isti keçib, əhali kondisionerlərdən, sərinkeşlərdən daha çox istifadə edib, amma hesablanan borcların məbləği o qədər yüksəkdir ki, abonentlər sayğaclara müdaxilə edildiyini, yaxud başqa səbəbdən borcun yanlış hesablandığını düşünürlər. 

Qeyd edək ki, Tarif Şurasının 2021-ci il 30 iyun tarixli, 9 nömrəli qərarına görə, aylıq enerji istehlak həcminin 300 kVts-a qədər olan hissəsi üçün 7 qəpik, bundan artıq olan istehlaka görə isə 11 qəpik ödənilir.

Bakı sakini Leyla Hüseynova “Facebook”da yazır ki, yay fəsli başlayandan evdə kondisionerdən fasiləsiz istifadə ediblər. “İyun və iyul aylarında borc 40-42 manatdan o tərəfə keçməyib. Ancaq avqust ayında kondisionerdən ötən aylardaki qədər istifadə etməyimizə baxmayaraq, 60 manat borc yazılıb”, – deyə o, qeyd edib. 

Turqay Həsənəliyev yazır ki, avqust ayı boyu xaricdə olub, amma buna baxmayaraq, mənzilə 52 manat işıqpulu gəlib: “İyul ayında 51 manat borc yazılmışdı. Baxıblar, əvvəlki ayda nə qədər sərfiyyat olub, avqusta da elə onu yazıblar. Əgər lazımdırsa, avqustun əvvəlində ölkədən getməyimlə bağlı pasportuma vurulan möhürü təqdim edə bilərəm”. 

Elmar Xəlilov isə qeyd edir ki, avqustda əvvəlki aylara nisbətən ikiqat artıq işıqpulu borcu gəlib: “Az qala bütün respublika üzrə belədir, kimdən soruşuram, artıq borc yazıldığını deyir. Deyəsən, təzə dəbdir, yay mövsümü bitəndə borcları ikiqat yazırlar”. 

Tural Abbaslı bildirir ki, avqust ayının 3-də rayona gedib və ayın 30-da qayıdıb: “Mənzilə 25 manat borc qəbzi gətiriblər. “Azərışıq”ın əməkdaşı deyir, vallah, düz deyirsən, mənim də başım çıxmır niyə belə çox yazıblar, get, “Azərişıq”a şikayət elə… Onun dediyindən məlum olur ki, hamı işıqpulundan şikayətçidir”.  

Sosial şəbəkələrdə bu tip çoxlu sayda şikayət yazılıb, vətəndaşlar birmənalı şəkildə istehlak etmədikləri enerjinin pulunun onlardan tələb edildiyini söyləyirlər.   

Problemlə bağlı “Azərişıq” ASC-dən “Press Klub”un sorğusuna cavab olaraq bildirildi ki, qurum tərəfindən xidmət göstərilən ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb: 

Belə ki, avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına gətirib çıxarıb”. 

“Azərışıq” ASC qeyd edir ki, avqust ayı ərzində tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artıb: 

“Avqust ayının 10-u elektrik enerjisinin gündəlik tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstəricidir. Sözügedən ayda istehlakda ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500,0 milyon kVts-dır”. 

“Azərişıq” abonentlərə xəbərdarlıq edir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. “İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin, hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər”, – deyə qurumun informasiyasında qeyd olunur. 

Abonentlərin sayğaclara müdaxilə nəticəsində istehlak həcminin süni şəkildə şişirdilməsi barədə iradlarına isə “Azərışıq”ın cavabı belə olub:

“Oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın sıfıra endirilməsi, eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq”ASC-də yeni layihələrdən biri olan sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir”.

Turqut