Koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və ona yardım etməkdə təqsirləndirilən daha 4 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarında yazılıb ki, “Yeni Klinika”ya hər bir koronaviruslu xəstənin yerləşdirilib, müalicə olunmasından ötrü onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb. İttihama əsasən bu məbləğin bir hissəsi direktor Pərviz Abbasova çatıb. Digər təqsirləndirilənlər isə xəstələrin yaxınları ilə direktor arasında vasitəçilik edib və alınan pulun bir hissəsini də onlar götürüb.

Aprel ayında prokurorluq bu barədə məlumat yayaraq “Yeni Klinika”nın direktorunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını açıqlayanda sosial mediada Pərviz Abbasovun həbsinə münasibət birmənalı olmadı. Bunu korrupsiyaya qarşı mübarizə kimi dəyərləndirənlərlə yanaşı, siyasi oyunların bir hissəsi hesab edənlər də oldu. Xüsusən P.Abbasovu tanıdığını deyənlər onun hər xəstə yaxınından rüşvət alması barədə iddiaların inandırıcı olmadığını bildirirdilər. Belə fikirlər səslənirdi ki, kifayət qədər savadlı və perspektivli mütəxəssis olan P.Abbasovun həbsi hökumət daxilindəki qruplar arasında çəkişmənin nəticəsidir. Başqa sözlə, onun vəzifədə irəli çəkilməsində maraqlı olanlar və bunun qarşısını almaq istəyənlər olub.

Pərviz Abbasovun vəkilləri bildiriblər ki, telekanallarda nümayiş etdirilən pullar rüşvət kimi təqdim edilsə də, əslində direktorun öz maaşı və klinikanın xərcləri üçün nəzərdə tutulan vəsait olub: 

“Dəftərçələr nümayiş etdirilib, guya rüşvət alınan adamların adlarıdır. Bəs, niyə o dəftərlərdə adları olan adamların birini də çağırıb dindirməyiblər? 44 günlük müharibə dövründə Pərviz Abbasov fəaliyyətinə görə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub. O, rüşvət və korrupsiyadan uzaq bir adamdır. Sadəcə, qurban oldu…”

Pərviz Abbasov özü də heç kimdən rüşvət almadığını deyir. Onun sözlərinə görə, pul aldığı iddia edilən digər təqsirləndirilən şəxslərdən yalnız birini tanıyır, onunla da çoxdanın tanışıdırlar: 

“Mən heç kimdən bir qəpik pul almamışam. Ayrı-ayrı xəstəxanalarda işləmişəm, universitetdə dərs demişəm. Ömrümün böyük bir hissəsini səhiyyəyə vermişəm, 20 ilə yaxın cərrah işləmişəm. İndi dörd divar arxasındayam. Araşdırsanız, görərsiniz ki, bir maşın və bir də ipotekada olan evdən başqa heç nəyim yoxdur…”

Pərviz Abbasovdan fərqli olaraq, digər 4 təqsirləndirilən – Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyev və Vüsalə Əliyeva istintaq dövründə həbsdə olmamışdı. Amma məhkəmənin elə hazırlıq iclasında hakim Vüsalə Əliyeva istisna olmaqla, digər üç nəfərin də həbsinə qərar verdi.

Qalib Nəcəfov “Buta” klinikasında həkim-radioloq, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və “Viola” MMC-də menecer işləyib. Samir Mirzəyev isə işsiz olub.

“Yeni Klinika”nın sabiq direktoru bildirib ki, adları çəkilənlərdən yalnız Samir Mirzəyevi tanıyır, digərləri ilə tanışlığı yoxdur: 

“Samir yaxınının klinikaya yerləşdirilməsini xahiş edib, yardım etmişəm. Mən buna görə bir qəpik pul almamışam”.

Samir Mirzəyev də direktora pul verməsi haqda cinayət işinin materiallarında yazılanları təkzib edib. O, məhkəmədə ifadəsində bildirib ki, Pərviz Abbasov qardaşının sinif yoldaşı olub. Onunla yaxın münasibətləri olduğunu, hətta maşın alanda ona kömək etdiyini deyən S.Mirzəyevin sözlərinə görə, həm özü, həm də atası koronavirusa yoluxanda Pərviz Abbasovun rəhbərlik etdiyi klinikada müalicə alıblar. S.Mirzəyev xəstəxanadan çıxandan sonra başqalarının klinikaya yerləşdirilməsinə vasitəçilik edib: “Əvəz Hüseynov mənə müraciət etdi. Mən də Pərviz həkimdən xahiş elədim, yaxın adamın virusa yoluxduğunu bildirdim. O da klinikaya yerləşdirilməsinə icazə verdi”.

Samir Mirzəyev vurğulayıb ki, buna görə kimdənsə pul almasından klinika direktorunun xəbəri olmayıb: “Mən özüm bu vəziyyətdən istifadə eləmişəm”.

O, əlavə edib ki, tanışlıqdan istifadə edərək, başqa şəxslər üçün də Pərviz Abbasovdan xahiş edib, direktor isə təmənnasız razılıq verib: “Hətta atam xəstəxanadan çıxandan sonra rayondan bir quzu kəsdirib gətirmişdim ki, Pərviz həkimə verim. Onu da götürmədi…”

Özünü qismən təqsirli bildiyini və peşman olduğunu deyən Samir Mirzəyev bəyan edib ki, prokurorluqda Pərviz Abbasovun əleyhinə təzyiq altında ifadə verib.

Digər təqsirləndirilən Əvəz Hüseynovun atası da həmin klinikada koronavirusa görə müalicə alıb. Əvvəldən yalnız Samir Mirzəyevlə tanışlıqları olduğunu deyən Əvəz Hüseynov qeyd edib ki, klinikaya xəstələri də onun vasitəsilə yerləşdirib. Xəstələrin yaxınlarından 2000-2500 manat pul alınıb, bunun da 1000 manatı Ə.Hüseynova çatıb. O, əməlindən peşmançılıq çəkdiyini, ittihamda göstərildiyi qədər pul almadığını, xəstə yaxınlarından alınan pulu geri qaytarmağa hazır olduğunu söyləyib.

Məhkəmə araşdırmaları davam edir.

Xatırladaq ki, Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Gülər