Azərbaycanda bütün teatrlar və kino zalları koronavirus pandemiyasına görə 2020-ci il martın 7-dən etibarən bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından ilyarım ötsə də, ona hələ də dəyişiklik edilməyib. Baxmayaraq ki, ölkədə yoluxmanın azalması ilə karantin qaydaları yumşaldılıb, bir çox məhdudiyyətlər isə ümumiyyətlə, ləğv olunub. Məsələn, həmin tarixdən qadağan edilən toy, nişan, şənlik mərasimlərinə cari ilin iyul ayının 1-dən icazə verilib. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydaya görə, qapalı məkanlarda 150 nəfərə qədər insanın iştirakı ilə mərasimlər keçirmək olar. Bir şərtlə ki, vətəndaşlar nəzarətçi qurumların əməkdaşlarına COVİD-19 pasportlarını təqdim etsinlər. Habelə, restoran personalı da tam tərkibdə peyvənd olunmalıdır.   

Amma nədənsə teatr və kino zallarının məhdudlaşdırıcı qaydalarla da olsa, fəaliyyətinə icazə verilmir. Doğrudur, dövlətin nəzarətindəki bu sektorda çalışanlar arasında ixtisar aparılmayıb, onların maaşları ödənilir. Amma uzun müddət fəaliyyətsizlik mədəniyyət, incəsənət adamlarını ruhdan salır, onları “korşaldır”. Artıq bəzi mədəniyyət xadimləri vəziyyətdən narazılıqlarını dilə gətirməyə başlayıblar. Bu gün tanınmış teatrşünas, professor İlham Rəhimlinin mədəniyyət naziri Anar Kərimova yazdığı açıq məktub bu qəbildəndir. O, pandemiya dövründə teatrların bağlı qalmasından şikayətlənir:   

“Artıq iki ildir ki, koronavirus bəlası bütün dünyanın, o cümlədən Azərbaycan Respublikasının sabit fəaliyyət ritmini pozub. Bu bəlanın daha dəhşətli zərbələri incəsənətin yeganə canlı sənət növü olan teatrlara dəyib. Rəssam, heykəltəraş emalatxanasında, bəstəkar royal arxasında, sənətşünas yazı masasında öz yaradıcılıq fəaliyyətlərini davam etdirə bilər. (Toyxana müğənnilərinin vay-şivənlərinə o qədər də inanmayın. Onların bəzilərinin bir toyda fonoqramma ilə oxuyub, aldıqları pul xalq artisti olan aktyorun bir illik maaşından çoxdur). Bütün dünya bunu qəbul edib ki, aktyorun oksigeni “səhnənin tozudur”. Balığı sudan çıxarmaq nə deməkdirsə, aktyoru səhnəsiz qoymaq da ona bərabərdir. Axı, nə üçün şadlıq evlərində toy eləmək olar, ancaq teatrlarda tamaşa oynamaq yox?!”

Professor məktubunda naziri tənqid edib:

“Bəs, necə olur şadlıq evlərinin sahibləri bu məsələni həll edə bilirlər, mədəniyyət naziri yox? Özü də toy 4-5 saat davam edir, ancaq çağdaş dövrdə teatrda tamaşalar 2 saatdan artıq çəkmir. Bunun iki cavabı var: birinci, onlar Sizdən hökmlü və güclüdülər, şadlıq evlərində 150 qonaqdan çox olmamaq şərtilə toyun keçirilməsinə icazə ala biliblər; ikincisi, Siz teatrların açılması üçün cavabdeh təşkilatlar qarşısında tutarlı arqumentlərlə məsələ qaldırmağa ciddi cəhdlər göstərmirsiniz, mübarizlik etmirsiniz. Üçüncü ehtimal da bu ola bilər ki, teatrların qapalı qalması Sizi o qədər də rahatsız etmir…”

İlham Rəhimli nazirə təklif də verib: 

“Heç olmasa, başqa bir addım atın. İşğal olunmuş ərazilərdə, başda ölkə rəhbərinin mədəniyyət mərkəzi elan etdiyi Şuşada möhtəşəm bərpa işləri aparılır. Orada yüzlərlə müxtəlif peşə sahibləri olan soydaşımız gecə-gündüz fədakarlıqla çalışır. Hörmətli Anar müəllim! Axı, ikinci həyatına başlayan Qarabağa azsaylı ifaçılardan ibarət teatr dəstələri göndərmək olar. Olar və bəlkə də çox vacibdir. Onların repertuar proqramını müxtəlif tamaşalardan seçilmiş parçalarla tərtib etmək mümkündür. Bu, sənət fədailərinin səhnə həsrətinə parlaq işıq salar. Tam qətiyyətlə deyirəm ki, istisnasız olaraq bütün aktyorlar növbə ardıcıllığı ilə bu tədbirə can-başla qoşularlar. Dünyanın məşhur sənətşünas-psixoloqları sübut ediblər ki, aktyorun bir ay səhnəyə çıxmaması onun azı iki-üç il geri düşməsi deməkdir”.

Problemlə bağlı Mədəniyyət Nazirliyindən “Press Klub”un sorğusuna cavab olaraq xatırlatdılar ki, 2 ilə yaxındır qlobal problemə çevrilən pandemiyanın bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə mənfi təsir göstərdiyi məlumdur: 

“Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Öncə də bildirdiyimiz kimi, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Operativ Qərargaha müraciət ünvanlanıb”.

Nazirlik əlavə edir ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olublar: 

“Hazırkı şəraiti nəzərə alaraq, bu fakt ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir. Bu festivallar bizim üçün sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu alınarsa, bu, teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım olacaq. Bu işdə təkcə müəssisələrə yox, eyni zamanda, tamaşaçılara da böyük ümidlər bəsləyirik. Onu da deyək ki, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti peyvənd olunub”. 

Açıqlamada ümid ifadə olunur ki, sıravi vətəndaşların – potensial tamaşaçılarımızın əksəriyyəti peyvənd olunandan sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa ediləcək. “Ümid edirik ki, bu bəla xalqımızın başı üzərindən sovuşar və ölkəmizdə həyat tezliklə öz axarına qayıdar. Amma hələ ki bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur“, – deyə nazirliyin məlumatında bildirilir.

Turqut