Rusiyada Dövlət Dumasına seçkilər keçirilir.

“İnterfaks” agentliyi xəbər verir ki, ilk seçki məntəqələri sentyabrın 17-də Kamçatka və Çukotkada açılıb.

Rusiya Federasiyası ərazisində səsvermə sentyabrın 19-da Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb bölgəsində – Kalininqrad vilayətində seçki məntəqələri bağlandıqda başa çatacaq.

“Dövlət Duması deputatlarının seçkiləri, bir sıra bölgələrdə yüksək vəzifəli şəxslərin seçkiləri, Rusiya Federasiyasının təsis qurumlarının qanunverici məclislərinə seçkilər və bələdiyyə səviyyəsində bir çox kampaniyalar üçün genişmiqyaslı seçki kampaniyası başlayır”, – deyə MSK rəhbəri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, cari kampaniya zamanı MSK Dövlət Dumasına seçkilərə qatılan partiyalardan rekord sayda təşviqat materialı qeydə alınıb.

Duma seçkilərində səsvermə 17-19 sentyabr tarixlərində keçiriləcək. Ruslar Dövlət Dumasının deputatlarından başqa bir sıra bölgələrin başçılarını, regional parlamentlərin və yerli özünüidarə orqanlarının nümayəndələrini də seçəcəklər. Ümumilikdə, ölkənin 85 bölgəsində 4,4 mindən çox seçki kampaniyası keçiriləcək. Müxtəlif səviyyəli seçkilərdə səsvermənin nəticələrinə görə, 31 mindən çox yer paylanacaq.(APA)