Yaxın günlərdə Milli Təhlükəsizlik Nazirliyində (MTN) uzun illər mühüm vəzifələrdə işləmiş 2 general məhkəmə qarşısına çıxarılacaq – Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov və nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev. Generallar bu ilin aprelində eyni vaxtla həbs olunsalar da, hakim qarşısında ayrı-ayrılıqda dayanacaqlar. 

Nizami Şirinovun məhkəmə prosesi sentyabrın 23-də Bakı Hərbi Məhkəməsində başlayır. Eyni cinayət işi üzrə vaxitlə generalın rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrin rəisləri olmuş Elcan AbdullayevElman Tahirov, eləcə də əməliyyat müvəkkili Nadir Nəzirov da təqsirləndirilir. Lakin bu şəxslər həbsdə deyil. Onların haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyevin də işinə Bakı Hərbi Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt başlayacağı məlum olmasa da, onunla birlikdə məhkəmə önündə cavab verəcək şəxslərin kimliyi bəllidir – MTN-in İstintaq Baş İdarəsinin tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov.

Keçmiş MTN-çilər iş adamlarını, müxtəlif vəzifə sahiblərini ya özlərini, ya da yaxınlarını həbs etməklə hədələyib onların pullarını, əmlaklarını ələ keçirməkdə, milyonlarla manat rüşvət almaqda ittiham olunur. Məsələn, Mövlam Şixəliyev tabeliyindəki təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə günahlandırılır.

Yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq sabiq MTN polkovniki Vüsal Ələkbərov isə son 5 ildə ikinci dəfə mühakimə olunacaq. 2015-ci ildə MTN-in həbs olunan 20-dən artıq vəzifəlisindən biri də V.Ələkbərov idi. Uzun illər MTN-də müstəntiq, şöbə rəisi vəzifələrində işləmiş Ələkbərov icraatındakı cinayət işlərində adı keçən adamlardan və onların yaxınlarından külli miqdarda pul almaqda təqsirli bilinib, 12 il azadılıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 5 ilə endirdi. Onun məhkəməsində Mövlam Şıxəliyev də şahid qismində dindirilmişdi. Çünki zərərçəkənlər həm də general Şıxəliyevi ittiham edir, onun tərəfindən də təzyiqlərə məruz qaldıqlarını, hədələndiklərini, pul və əmlaklarının əllərindən alındığını deyirdilər.

Şıxəliyevlə birlikdə mühakimə olunacaq Yasin Məmmədovun da adı illərdir prokurorluq və məhkəmədə araşdırılan cinayət işlərində çox hallanırdı. Hətta onun həbsini tələb edən zərərçəkmişlər də vardı. Lakin Yasin Məmmədov MTN-in ləğvi və onun bazasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaranmasından sonra da bu qurumda işləməkdə davam edirdi. Ondan şikayətçi olanlar Yasin Məmmədova toxunulmamasını onun qardaşının gücü ilə əlaqələndirirdilər. Yasin Məmmədovun qardaşı Natiq Məmmədov 2000-2004-cü illərdə Xəzər rayon Məhkəməsinin hakimi, 2004-2011-ci illərdə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə MSK-nın sədr müavini olub. 2018-ci ildə baş nazirin sərəncamı ilə Nazirlər Kabineti aparatının rəhbərinin müavini təyin edilən Natiq Məmmədov 2019-cu ildə bir müddət NK aparat rəhbəri vəzifəsini icra edib.

Keçmiş MTN-çilərlə bağlı cinayət işindəki zərərçəkənlər arasında Heydər Əliyev adına Ali Hərbi Məktəbin keçmiş rəisindən tutmuş, “Texnikabank”ın rəhbəri Etibar Əliyevin oğlu Kəramət Əliyev, Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi olmuş Bahəddin Sultanova qədər bir çoxlarının adları var.

“Səhərə qədər yaxınlarım pul axtarmışdılar. Ertəsi gün qardaşım və kirvəsi 370 min dollar pulu gətirib verdilər…”

Etibar Əliyev özü də vaxtilə MTN tərəfindən həbs olunmuş, “Texnikabank”a rəhbərlik onun əlindən alandan sonra azadlığa buraxılmışdı. Həmin dövrdə bankda əmanəti olan, yaxud böyük məbləğdə kredit götürən şəxslərin əksəriyyəti MTN-ə çağırılaraq hədələnmiş, bir qismi hətta həbs olunmuş, onlardan külli miqdarda pul alındıqdan sonra azad edilmişdilər. O zaman təzyiqlərə məruz qalanlardan biri də Bahəddin Sultanov və oğlu olub.

1994-2004-cü illərdə Binəqədi rayonunda 102 saylı Mənzil İstismar Sahəsinin rəisi, daha sonra Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş Bahəddin Sultanov ifadəsində bildirib ki, 1994-1995-ci illərdə Bakı-Sumqayıt yolunda 4 hektar torpaq sahəsi alıb, orada ferma açıb. Fermanı oğlu İntiqam Sultanovun adına sənədləşdirib. Eyni zamanda, Qazaxıstanda da biznes qurmağa çalışıb. Qazaxıstandakı işlərini tamamlamaq üçün pul lazım olanda fermanı girov qoyub, “Texnikabank”dan pul götürmək qərarına gəlib. O dövrdə bankın Yasamal filialının müdiri olan, sonradan həbs edilən Zal Yusifovla tanışlıqları olduğuna görə ona da bu barədə deyib. O da razılaşıb. Oğlu İntiqam Sultanov sənədləri də götürüb gedərək, 1 milyon dollar kredit ayrılması haqda müqavilə bağlayıb. (MİS rəisi və icra nümayəndəsi olmuş şəxsin ölkə daxilində ferma yaratması və xaricdə biznes qurmaq üçün 1 milyon dollar bank krediti götürməyə rahatlıqla risk edə bilməsinin özü sual doğuran məsələdir, lakin bu, başqa yazının mövzusudur – red.)

Bahəddin Sultanov bildirir ki, kredit müqaviləsini ona görüşəndə Zal Yusifov verib. Amma pulları gətirməyib. Deyib ki, hazırda bankda nağd pul yoxdur, yaxın bir neçə gün ərzində pul veriləcək. Beləliklə, proses 3-4 ay uzanıb. Axırda B.Sultanov Z.Yusifovdan tələb edib ki, kredit müqaviləsinə xitam verilsin, fermanın sənədləri də qaytarılsın. Filial müdiri ona kreditin ödənildiyi, banka borcu olmadığı haqda arayış verərək fermanın sənədlərini qaytarıb.

Bahəddin Sultanovun sözlərinə görə, bir müddət sonra özü fermanı satıb və pulunu Qazaxıstandakı biznesə yönəldib. Pulun qalanını da özündə saxlayıb. 2009-cu ildə oğlu İntiqam Sultanov MTN-ə çağrılıb. Atası da onunla birlikdə gedib. Orada Vüsal Ələkbərov bildirib ki, “Texnikabank”dan götürülmüş kredit ödənilməyib. Ata və oğul Sultanovlar Zal Yusifovun verdiyi arayışı təqdim etsələr də, Vüsal Ələkbərov “boş şeydir bu” deyib. Onları həbs etməklə hədələyiblər. Bundan sonra B.Sultanov bir çox vəzifələrdə işləmiş polis polkovniki Rasim Musayevə (artıq dünyasını dəyişib) zəng edib. O da öz növbəsində MTN-in Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevlə əlaqə saxlayıb. Şıxəliyev də vaxtilə polis işlədiyinə görə onların tanışlıqları olub. Rasim Musayev MTN generalından xahiş edib ki, Bahəddin Sultanovu incitməsinlər, onun problemini həll eləsinlər. Bundan sonra Vüsal Ələkbərov sabiq icra nümayəndəsini yenidən MTN-ə çağırıb. Ona deyib ki, sözügedən zəngdən sonra Mövlam Şıxəliyev onun məsələsini nazirlə danışıb, bu işin həlli üçün 500 min dollar pul lazımdır. Bu pul verilsə, oğlunun adı bankdan kredit götürüb qaytarmayanların siyahısından silinəcək.

“Dedim ki, məndə o qədər pul hardandır? Uzağı 4-5 min dollar verə bilərəm. Vüsal Ələkbərov dedi ki, rəhbərliyin göstərişidir, 500 mini gətirməsən, içəri salacağıq. Bu görüşdən sonra Vüsal Ələkbərov daha iki dəfə məni çağırdı, krediti qaytarmağı tələb etdi, dedi ki, bundan sonra heç kimin zəngi də kömək etməyəcək. Çünki rəhbərliyin göstərişi var. Bu zaman Mövlam Şıxəliyev də otağa daxil oldu, o da hədələdi. 2009-cu il iyunun 15-də oğlumu həbs elədilər. 10-12 gün sonra özümü də MTN-ə çağırdılar. Vüsal Ələkbərov dedi ki, rəhbərliyin göstərişidir, səni də tutub içəri salmalıyıq…”, – deyə Bahəddin Sultanov ifadəsində bildirib.

O qeyd edib ki, Vüsal Ələkbərovdan köməklik göstərməsini xahiş edib, o da məsələni Mövlam Şıxəliyevlə müzakirə etməli olduğunu deyib. Generalla müzakirədən sonra geri qayıdan Ələkbərov məbləğin 360 min dollara endirildiyini bildirib: 

“Balasının canına and içib dedi ki, 360 minin ona aidiyyəti yoxdur. 10 min də özü üçün istədi. Razılaşdım və qardaşıma zəng elədim ki, pul toplayıb tez MTN-ə gətirsin. Həmin gecəni Vüsal Ələkbərovun kabinetində qaldım. Səhərə qədər yaxınlarım pul axtarmışdılar. Ertəsi gün qardaşım və kirvəsi pulu gətirib verdilər…”

Öncə Bahəddin Sultanovun özü buraxılıb, Vüsal Ələkbərovun 10 min dollarını verəndən sonra da oğlu həbsdən azad edilib. Oğlunun işi məhkəməyə göndərilib və ona 2 il şərti cəza verilib.

“Məcbur olub, torpaq sahəsini Eldar Mahmudovun qohumunun adına keçirdik” 

Zərərçəkmişlərdən biri də təqsirləndirilən general Nizami Şirinovun işçisi – MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbə rəisi olmuş polkovnik Emin Abbasovdur. O iddia edir ki, bizneslə məşğul olan qardaşı Elxan Abbasovla onun şəriki Vüqar Ağayevin 250 min pulunu, torpaq sahəsini general Şirinov və o vaxt nazir olan Eldar Mahmudov zorla əllərindən alıblar: 

“Məcbur olub, 19 noyabr 2009-cu ildə Nizami Şirinovun göstərişi ilə Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına qardaşımın Vüqar Ağayevlə şərik olduğu 5 hektar torpaq sahəsinə dair baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid elədi, əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu il noyabrın axırlarında 50 mini Nizami də Şirinova verdim…”

Vüqar Ağayev də zərərçəkmiş qismində tanınıb.

Gülər