“Şöbə müdiri xəbər göndərib ki, Eldarın oradan cəsədi çıxacaq”

“Möhtərəm hakim, ədalətinizi və vicdanınızı itirməyin. Sizin hansı tapşırıq aldığınızı da bilirəm..."

Bir ildən çoxdur həbsdə olan sabiq baş prokuror və səfir Eldar Həsənov bildirib ki, onun fiziki məhvinə fərman verilib, bu səbəbdən müalicəsinə imkan yaradılmır. Bu barədə o, sentyabrın 17-də məhkəmədə ifadəsində danışıb.

E.Həsənov qeyd edib ki, xüsusən son 4 gündə səhhəti çox pisləşib, vəziyyəti kritik həddə çatıb, həkimlər onun hospitala köçürülməsinin vacib olduğunu deyirlər. Buna baxmayaraq, məhkəmə həftədə iki dəfə iclas təyin edir, onu ağır vəziyyətdə aparıb-gətirirlər: “Belə insani münasibət olmaz. Hüquq ayrı, insanlıq ayrı. Qərəzi də bu səviyyədə yürütməzlər”.

Hakim bildirib ki, Eldar Həsənovun xəstəxanaya köçürülməsi üçün ekspertiza rəyi olmalıdır, belə bir rəy isə yoxdur: “Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil”.

Keçmiş səfir deyib ki, ekspertiza da qərəzli rəy verib, ekspertizanın həkimləri xəstəliyini, qəbul etdiyi dərmanların adını bilmədən, ona kənardan baxıb, gediblər və söz veriblər ki, xəstəliyi ilə bağlı məlumat toplayıb qayıdacaqdılar: 

“Vəkilimlə 1 saat 5 dəqiqə ekspertizanı gözləmişik. Axırda nəzarətçilər gəlib dedilər ki, ekspertiza gəlməyəcək. Sonra da rəy verdilər ki, Eldar Həsənovun həbsdə qalmasının həyati təhlükəsi yoxdur. Mən istintaqın da, ekspertizanın da qərəzini görürəm. Məhkəmədən də ədalət, obyektivlik gözləmirəm. Möhtərəm hakim, ədalətinizi və vicdanınızı itirməyin. Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki, Eldarın ordan cəsədi çıxacaq. Bundan sonra sizdən nə gözləyim? Sizin hansı tapşırıq aldığınızı da bilirəm…”

Hakim cavab olaraq məhkəmənin sifarişlə işləmədiyini bildirib.

Daha sonra Eldar Həsənov işlədiyi ölkələrdə səfirlik üçün bina alınması ilə bağlı ona qarşı irəli sürülmüş ittihamlar haqqında ifadə verib. O bildirib ki, heç bir obyektin alınmasında müqaviləni səfirlik hazırlamayıb: 

“Müqaviləni əmlak şirkəti hazırlayıb, əmlak sahibi ilə razılaşdırıb, Azərbaycan Xarici İşlər Nazirliyinə göndərib, nazirlik də təsdiqləyib. Orada nə mənim, nə də səfirliyin hər hansı əməkdaşının imzası var. Müqavilə təsdiqlənəndən sonra gətirib deyiblər ki, bu qədər pul bu adama verilsin, bu qədər pul da hesaba köçürülsün. Amma müstəntiq nə pul köçürülən şirkəti araşdırıb, nə də pulu kimin köçürdüyünü. Niyə araşdırmırlar? Əmlak sahibi vergidən yayınmaq üçün belə razılaşıb, pulun bir hissəsini nağd alıb, niyə Eldar Həsənov günahkar olmalıdır?!”

Sarayevodakı bina haqda danışan sabiq səfirin sözlərinə görə, müstəntiq ittihamda onun əmlak sahibi ilə sövdələşdiyini yazıb, lakin bu barədə heç bir sübut yoxdur: 

“İstintaq xəzinədarı dindirəndə ondan əmlak sahibi və Eldar Həsənovla üçlükdə görüşüb, əmlakın qiymətini müzakirə etməsi haqda soruşub. Xəzinədar isə cavabında deyib ki, mən nə əmlak sahibini, nə də Eldar Həsənovu görmüşəm”.

E.Həsənov qeyd edib ki, səfirin xaricdəki layihələrə ayrılan vəsaitlərə müdaxilə etməyə ixtiyarı yox idi: 

“Bunun üçün nəzarət komissiyası var və nəzarəti də o komissiya həyata keçirir. Lap istintaq hansısa layihədə yeyinti olması qənaətinə gəlibsə, niyə araşdırmır ki, bu layihə kimin vasitəsilə, kimin nəzarəti ilə həyata keçirilib, pulu kim mənimsəyib? Buna görə mən niyə cavab verməliyəm? Xarici İşlər Nazirliyi layihənin kim tərəfindən icra olunduğunu, pulun kimə ayrıldığını açıq şəkildə yazıb göndərib. Müstəntiq niyə layihəyə nəzarət edən adamı mənimlə əlaqələndirir? Həmin şəxs mənə tabe olmayıb axı. Kimsə layihəyə dəyişiklik edibsə, saxtakarlığa yol veribsə, mən niyə günahkar olmalıyam?”

E.Həsənov əlavə edib ki, istintaq dövründə istər ölkədə, istərsə də xaricdə çoxsaylı insanlar dindirilib. Onların arasında bir nəfər də Eldar Həsənovu tanıdığını, onunla görüşdüyünü deməyib. Onun sözlərinə görə, heç kim əleyhinə ifadə vermədiyi halda, müstəntiqin ittihamdakı rəqəmləri hardan tapdığı məlum deyil: 

“Mənim müstəntiqə yazığım gəlir. Layihələrin heç birinin icraçısı səfirlik deyil. Səfirlik bu prosesdə poçtalyon rolunu oynayır. Avropada belə araşdırma aparılsa, Avropa dağılar…”

Daha sonra Eldar Həsənovun vəziyyəti pisləşib. Vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Hakimlər vəsatəti təmin etməyib. Ardınca məhkəməyə özəl xəstəxanaların birindən təcili tibbi yardım çağırılıb. Eldar Həsənovu oksigen balonuna qoşaraq tibbi yardım göstərən həkimlər onun bu durumda məhkəmədə iştirakının mümkün olmayacağını deyiblər. O, xərəkdə aparılıb.

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsinə təyin olunub. 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılan Eldar Həsənovun həbsindən bir gün sonra onun səfir vəzifəsindən azad edilməsi haqda prezident sərəncamı imzalanıb.

Gülər