2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru olmuş Vüqar Səfərli 20 milyona yaxın vəsaitin yeyintisində ittiham edilir. Jurnalistlər üçün binaların tikintisi, media nümayəndələri üçün mükafatlandırma mərasimlərinin keçirilməsi və s. hallarda vəsaitlərin mənimsənilməsi, bu yolla əldə olunan pulların leqallaşdırılması kimi əməllərdə təqsirləndirilən Vüqar Səfərli özünü günahkar saymır. O, sentyabrın 17-də məhkəmədə ifadəsində bildirib ki, ittihamlar əsassızdır. Sabiq icraçı direktor etiraf edib ki, hər bir vəzifəli şəxs kimi, onun da müəyyən nöqsanları olub və buna görə cavab verməyə hazırdır. Amma milyonlarla yeyintinin ona aidiyyəti yoxdur:

“Möhtərəm prezident üç dəfə mənə etimad göstərib. Hər dəfə dörd illik olmaqla, üç dəfə Fondun icraçı direktoru vəzifəsinə təyin olunmağım barədə sərəncam imzalayıb. Üç dəfə məni təltif edib, Cümhuriyyətin 100 illiyi, “Vətənə xidmətə görə” ordenini prezident şəxsən özü mənə təqdim edib. İndi ittihamda yazılanları oxuyanda adam özü-özünə nifrət eləyir. Elə şəraitdə saxlanılırıq ki, elə bil xalq düşmənləriyik. Telekanallar elə təqdim edir, guya Vüqar Səfərli yeyib-dağıdıb…”

Sabiq icraçı direktor deyib ki, 2009-cu ildə bu vəzifəyə təyin ediləndən az sonra Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev onu qəbul edərək nəzərinə çatdırıb ki, Fondun fəaliyyətinə nəzarəti Əli Həsənov həyata keçirəcək.

V.Səfərliyə qarşı ittihamlardan biri Əli Həsənovun oğluna məxsus binada rəhbərlik etdiyi Fond üçün əlverişsiz şərtlərlə – baha qiymətə ofis icarələyib, illər ərzində ümumilikdə 800 min manata yaxın vəsaiti israf etməkdir. O isə bu ittihamla razılaşmayaraq bəyan edib ki, həmin yer icarəyə götürüləndə dövlət orqanlarıyla razılaşdırılıb, qiymətlərdən Maliyyə Nazirliyi də xəbərdar olub: 

“Biz oranı Əli Həsənovun ailəsinə məxsusluğuna görə yox, əlverişli olduğuna görə seçdik. Bizə dedilər ki, orada yerləşən digər qurumlar kvadratmetri 20-22 manata icarəyə götürüb, sizə 18 manata verərik. Maliyyə Nazirliyinin rəhbərliyi ilə əlaqə saxladım, onlar bildirdilər ki, normal qiymətdir, müqavilə bağlayın. Biz də bağladıq. Bu illər ərzində bir dəfə də bizə hər hansı dövlət qurumu irad tutmayıb ki, icarə haqqı bahadır. Biz hər il xərclərimizlə bağlı hesabat vermişik. Bu gün də Fond həmin binada fəaliyyət göstərir. Əli Həsənovun mülkü idi deyə, icarəhaqqı ödəməməliydik? Biz nə biləydik ki, belə vəziyyət yaranacaq, Əli Həsənovu çıxaracaqlar, hər şeydən bizə qarşı istifadə edəcəklər. Əgər mən artıq icarə pulu verirdimsə, bəs Maliyyə Nazirliyi bu illər ərzində hara baxırdı?..”

Cinayət işində yazılıb ki, “Futbol+qol” qəzeti Vüqar Səfərlinin həyat yoldaşının təsis etdiyi media orqanı olduğuna görə Fond ona da maliyyə ayırıb. Amma Fondun sabiq rəhbəri bununla razılaşmır. O bildirib ki, hansı qəzetlərə maliyyə ayrılması məsələsində qərar verən Müşahidə Şurası olub: 

“Mən sadəcə, qərarları icra etmişəm. Müşahidə Şurasının iclaslarında iştirak etsəm də, qarışmağa ixtiyarım yox idi. Bütün iclasların videoyazıları var”.

Vüqar Səfərli qeyd edib ki, 2018-ci ilin sonunda Əli Həsənov onu çağırıb, prezidentin qəzetlərin səviyyəsindən narazı olduğunu söyləyib. Tapşırılıb ki, qəzetlərin sayı azaldılsın, keyfiyyət artırılsın. Bu istiqamətdə müzakirələrdən sonra bəzi qəzetlərə maliyyə dəstəyi göstərməkdən imtina olunub.

Sabiq icraçı direktor Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikintisində milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi, tikintinin keyfiyyətsiz aparılması ittihamından da danışıb. O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintiyə Nəzarət Agentliyi tərəfindən yoxlamalar aparılıb, rəy verilib. Jurnalistlər üçün tikilən birinci bina 31 milyon 466 min, ikinci bina isə 26 milyon 208 min manat qiymətləndirilib: 

“Mənim müdaxilə etmək səlahiyyətim olmayıb, vəsait birbaşa şirkətin hesabına köçürülüb. Bəs, niyə istintaq həmin vəsaitin kimin əli ilə hesabdan çıxarıldığını aydınlaşdırmayıb? Mənim 64 yaşım var, insan həyatı ilə oynamaq olmaz. Mən gördüyüm işlərə görə cavab verəcəm. Hamı gözəl bilir ki, o vəsaitlər necə gəlib, necə gedib. İstintaq bunu araşdırmayıb…”

Vüqar Səfərli vuğulayıb ki, onu tikintinin keyfiyyətsizliyinə görə də ittiham edirlər, lakin bu məsələnin ona aidiyyəti yoxdur: 

“O tikintilərə Əli Həsənov nəzarət edirdi. Mənimlə də, mənsiz də ora gedib baxırdı. Beton, armatur keyfiyyətsizdirsə, buna mən cavabdeh ola bilmərəm ki… Divarın suvağı 5 santimetr olmalıydı, 3 santimetr olub. Mən suvaq ölçənəm?..”

V.Səfərli əlavə edib ki, bankda üzərinə həbs qoyulmuş vəsaiti də, əmlakı da mənimsəmə nəticəsində əldə olunmayıb. O deyir ki, icraçı direktor təyin edilməzdən əvvəl də biznesi olub. Sonradan da ailənin gəlirləri olub, lakin istintaq bunları nəzərə almayıb: 

“Vəzifədə olduğuma görə bizneslə məşğul ola bilməzdim. Ona görə əvvəlki biznes kənardan idarə olunub. O dövrdə əldə olunan gəlirlər depozit kimi banka qoyulub, hər il üstünə faiz gəlib. Bizim qəzetin satışından aylıq gəlirimiz təxminən 10 min olurdu. İstintaq bizim ailənin bu gəlirlərini nəzərə almayıb, hamısını yeyinti kimi qələmə verib”.

Vüqar Səfərli əlavə edib ki, Fondun fəaliyyəti ilə bağlı yoxlamalarda iştirakı təmin edilməyib: 

“Mən ərizəmi verib, vəzifədən çıxandan sonra bir günün içində bütün işçilərdən də ərizə alıb, hamısını çıxarıblar. O cür təzyiq altında da onlardan izahat alınıb. Müşahidə Şurası əsas qərar verən orqan olub. Amma nə sədrini dindiriblər, nə də üzvlərini. Soruşmayıblar ki, vəsaitlərin ayrılması haqda niyə qərar vermisiz?”

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

Xatırladaq ki, Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər məhkəmə qarşısında dayanıb. Onların arasında “Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.

Gülər