Azərbaycan tarixən Mərkəzi Asiya ilə Qərbi birləşdirmiş qədim ticarət yolları şəbəkəsində, yəni İpək yolunda mühüm istiqamətlərdən biri olub.

XXI əsr texnologiyaları nəqliyyat, logistika və yük daşımaları sahəsini tanınmaz dərəcədə dəyişib. Buna baxmayaraq, Azərbaycan müasir dövrdə də regionda nəqliyyat infrastrukturu ilə bağlı ən öncül ölkələrdən biridir. Səbəb Azərbaycan dövlətinin gələcəkdə ölkənin ixrac potensialını təmin etmək məqsədilə böyük layihələrə investisiyalar qoymasıdır…

Azərbaycanın paytaxtı Bakıda 2000-ci ildən bəri TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi fəaliyyət göstərir. Bu beynəlxalq hökumətlərarası komissiya Avropa İttifaqı (Aİ) ilə Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan 12 dövlət arasında iqtisadi, ticari və nəqliyyat əlaqələrinin gücləndirilməsinə töhfə verir. TRASEKA ilkin olaraq Avropa Komissiyası tərəfindən maliyyələşdirilirdi. Lakin 2009-cu ildən etibarən maliyyələşməni layihəyə üzv ölkələr təmin edir.

TRASEKA-da müxtəlif işçi qruplar fəaliyyət göstərir. Onlar aviasiya sahəsi, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı, nəqliyyat təhlükəsizliyi və nəqliyyat infrastrukturu ilə məşğuldur.

Bütün yollar Azərbaycana aparır

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2020-ci ildə ölkə vasitəsilə 188,6 milyon ton yük daşınıb. Neft-qaz kəmərləri vasitəsilə daşımaları nəzərə almasaq, yüklərin 84,1%-i avtomobil nəqliyyatının payına düşür. Yerdə qalan yüklər dəmir yolu, dəniz və aviasiya nəqliyyatı vasitəsilə daşınıb.   

Yeri gəlmişkən, Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun bütün elementlərinin gücləndirilməsi üçün böyük həcmdə vəsait xərcləyib. O, avtomobil yolları şəbəkəsinin həm daxili ticarətdə, həm də beynəlxalq biznes əlaqələrində (söhbət Azərbaycana investisiya qoymaq və Azərbaycan vasitəsilə ticarət əlaqələri həyata keçirmək istəyən şirkətlərdən gedir) mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, son bir neçə ildə yol tikintisi və bərpası ilə bağlı 50-dən çox böyük layihə həyata keçirib. Son illərdə Azərbaycanın kənd, qəsəbə və şəhərlərini birləşdirən minlərlə kilometr yol salınıb və ya təmir edilib. Bundan başqa, Azərbaycan dövləti ölkəni Rusiya, İran və Gürcüstanla birləşdirən bütün sərhəryanı yolları yeniləyib. Ölkədə 300-dək körpü təmir olunub və ya sıfırdan tikilib.

Rahat dənizçilik

Bakıda tarixi dəniz limanı 1902-ci ildən fəaliyyət göstərir. O, fəaliyyətə başladığı ildən etibarən Avropa ilə Asiya arasında mühüm əhəmiyyət kəsb edən dəniz marşrutuna çevrilib. Lakin son illərdə onun modernləşdirilməsinə ciddi ehtiyac yaranmışdı. Nəticədə 2018-ci ildə Bakıdan 40 mil cənubda yerləşən Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni, müasir bərə terminalının açılışı olub. Onun inşasının birinci fazasına bu işlər daxildir: bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsi.

Beləliklə, bu dəniz limanı 150 metr uzunluğunda olan 10 min ton yük götürən gəmiləri qəbul etmək imkanına malikdir. Üstəlik, onun yükaşırma imkanı illik 15 milyon ton yük və 500 min konteyner təşkil edir.

Bu məqamda Azərbaycandan keçən 3 beynəlxalq dəmir yolu marşrutunun Ələtlə kəsişdiyini qeyd etmək yerinə düşər. Bu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qərb (Türkiyə və Aİ), cənub (İran və Hindistan) və şimal (Rusiya və Şimalı Avropa ölkələri) arasında böyük nəqliyyat qovşağına çevirir. Azərbaycan, Avropa və Mərkəzi Asiya arasında dəmir yolu ilə birbaşa yük daşımaları məhz bu limandakı bərə terminalları və ümumi yük körpüsü vasitəsilə həyata keçirilir. Burada konteynerlər gəmidən birbaşa qatarlara və əksinə yüklənir.

Uğur yolunda

Azərbaycanın əsası 1878-ci ildə qoyulmuş, bu gün uzunluğu 2900 kilometrdən çox olan dəmir yolu şəbəkəsi Cənubi Qafqaz regionunun ən böyük, ən işlək dəmir yolu sistemidir. Azərbaycan dövləti son illərdə istər daxili, istərsə də beynəlxalq dəmir yolu infrastrukturuna böyük həcmdə investisiya qoyub. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürüstan və Türkiyəni birləşdirir. Onun vasitəsilə Çindən müxtəlif yüklər nəql edilir. Bu yeni dəmir yolu sistemi Çin ilə Avropa arasında yük daşımalarının məsafəsini və vaxtını kifayət qədər qısaldıb. Söhbət yolun düz 7500 kilometr azalmasından gedir. Bu da son deyil. Marşrut daha qısa olduğundan, yük daşımaları zamanı yanacaqdan daha az istifadə edilməsi ətraf mühitə də müsbət təsir göstərir.

829 kilometr (515 mil) uzunluğa malik Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib. Hazırda ondan kommersiya məqsədli yüklərin daşınması üçün istifadə olunur. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə beynəlxalq sərnişin daşımalarına başlanılacağı da gözlənilir.

Mümkünsüz heç nə yoxdur

Bakıda fəaliyyət göstərən Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın 6 beynəlxalq hava limanından biridir.

Bu gün ölkənin aviasiya sahəsi COVID-19 pandemiyasının mənfi təsirlərindən bərpa olunmağa başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportuna artıq 20 aviaşirkət qayıdıb və bir çox ölkədən Azərbaycana reyslər pərpa olunub. Azərbaycana yerli aviasiya daşımaları üzrə flaqman olan AZAL və onun aşağı büdcəli daşımaları həyata keçirən törəmə şirkəti “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “Lufthansa”, “Qatar Airways”, “Aeroflot”, “S7”, “flyDubai” və digər aviaşirkətlər reyslərə başlayıb və ya buna hazırlaşır.

2021-ci ildə azərbaycanlı sərnişinlər üçün ən məşhur istiqamətlər olan Rusiya (19 şəhər), Türkiyə (7 şəhər), həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, BƏƏ və İsrailə Azərbaycandan birbaşa və əksinə uçuşlar həyata keçirilir. Üstəlik, Bakı ilə yanaşı, Naxçıvandan İstanbul və Moskvaya, Lənkəran Beynəlxalq Hava Limanı və Gəncə Beynəlxalq Hava Limanından isə Moskva və Sankt-Peterburqa birbaşa reyslər var.

Bir sözlə, ölkənin son illərdə nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya qoyması o deməkdir ki, Azərbaycan avtomobil, dəniz, dəmir yolu və aviasiya sahələrini inkişaf etdirib və o, biznesə açıqdır! 

PAID ANDPRESENTED BY:

(İngilis dilindən tərcümə – WorldMedia.Az. Mənbə: BBC