Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Nazirlikdən verilən məlumata görə, sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.

“Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq”, – deyə məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, 100-ə qədər yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin, Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir. İştirakçılar 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək.

Qeyd edək ki, “Qanun” Nəşrlər Evi bu sərgidə iştirakdan imtina edib. Qurumun rəhbəri Şahbaz Xuduoğlu “Press Klub”a bildirdi ki, nazirlikdən onlara dəvət gəlməyib, özləri əlaqə saxlayıblar və sərgi-yarmarkada 24 kvadratmetr yer üçün 3600 manat ödəniş tələb olunub: “Əsas gətirdilər ki, bu vəsait onlara yox, sərgi-yarmarkanı təşkil edən Bakı Ekspo Mərkəzinə çatır. Bu, necə ola bilər axı? Biz qərara gəldik ki, özümüz müstəqil şəkildə sərgi-yarmarka keçirək”.  

Ş.Xuduoğlu deyir ki, təşkil edəcəkləri Milli Kitab Satış Sərgisi Əl Oyunları İdman Sarayında, 1-10 oktyabr tarixlərində olacaq: “Əlli mindən çox kitab, 30 faizdən başlayan endirimlər, yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, müsiqili proqramlarla oxucularımızla birlikdə olacağıq”.

Naşirin sözlərinə görə, bu sərgidə yalnız nəşriyyatlar yox, kitabçılar, kitab kollektorları, bukinistlər də iştirak edəcəklər. Həmçinin, şəxsi kitab rəflərində artıq görünən kitabların da ikinci əl satışı olacaq, musiqiçilər öz CD-lərini, rəssamlar rəsmlərini sata biləcəklər.

Ş. Xuduoğlu hesab edir ki, ümumiyyətlə, kitab yarmarkaları tədricən dövlət nəzarətindən çıxmalıdır və bu cür tədbirləri naşir, yazar birlikləri özləri təşkil etməlidir:

“Dövlət təşkil edəndə orada istər-istəməz müəyyən məhdudiyyətlər olur. Bu məhdudiyyətlər də naşirlərin arzuları ilə səsləşmir. Ona görə, mən fikirləşdim ki, elə özümüz müraciət edək, yer icarəyə götürək, bütün naşirləri, yazarları, kitabçıları dəvət edək, ürəyimiz istəyən bir yarmarka təşkil edək. Ümumiyyətlə, dünyanın hər yerində yarmarkalar elə naşirlərin özləri tərəfindən təşkil olunur. Məsələn, Frankfurt, İstanbul yarmarkalarının heç birində həmin ölkənin mədəniyyət nazirlikləri bu işi görmürlər. Məncə, bizdə də bu ənənə oturuşmalıdır. Elə ona görə də biz buna start verdik”. 

Ş.Xuduoğlu ümid edir ki, layihə çox uğurlu alınacaq və yalnız Bakı ilə kifayətlənməyəcək. “Milli Kitab Satış Sərgisi bütün Azərbaycan boyu genişlənəcək. Növbəti yarmarkanı Lənkəranda, Sumqayıtda, Gəncədə təşkil edəcəyik və çalışacağıq ki, ilboyu bu yarmarkalar işləsin”, – deyə o, söylədi. 

“Qanun”un rəhbəri yarmarkanı nazirliyin tədbirinə alternativ saymır, deyir ki, bu, həqiqi bir yarmarkadır, Azərbaycan milli kitabına dəstək məqsədi daşıyır. Onun sözlərinə görə, yarmarkanın çox özəl yenilikləri olacaq: 

“Hər saat bir panel keçiriləcək. Həm qiraət saatı olacaq, yəni hörmətli sənətçilərimiz kitablar oxuyacaq, həm də poeziya saatı olacaq. Poeziya saatında şairlər öz şeirlərini oxuyacaq, auditoriyanın suallarına cavab verəcəklər. Musiqi proqramları, eyni zamanda, sərbəst, azad mikrofon da olacaq. Azad mikrofonda istənilən bir gənc şair gəlib, öz şeirini səsləndirə bilər. Eyni zamanda, daha fərqli bir şey – bu yarmarkanın fəxri qonağı olacaq. Çalışacağıq ki, ümumi yarmarkanın bir fəxri qonağı olsun, bir də hər günün ayrı-ayrı fəxri qonaqları. Musiqi proqramları olacaq, rəssamlar da öz rəsm əsərlərini nümayiş etdirə, sata bilər. Bu, çox azad yarmarka olacaq”. 

Milli Kitab Satışı Yarmarkasında digər nəşriyyatlar və başqa qurumların iştirakı haqqında da danışan nəşriyyat direktoru qeyd etdi ki, hazırda bu barədə danışıqlar gedir:

“Mən hər kəsə müraciət eləmişəm, istəmirəm ayrı-seçkilik olsun. Bütün nəşriyyatlar burada iştirak edə bilər. Hətta bukinist kitabları satan adamlara da müraciət eləmişəm. Onlar da ayrıca bir stendlə iştirak edəcəklər. Fərdi kitabçılara da müraciət etmişəm. Kimin evində artıq kitablar varsa, o kitabları ya dəyişmək, ya da satmaq istəyirsə, onlar da gələ bilər. Ümumiyyətlə, məktəbli üçün dərs ləvazimatları satan şirkətlər də iştirak edə bilərlər. Məsələn, “İnci”, “Qrafika” iştirak edəcək. Hələ ki bizə bir neçə nəşriyyatdan müsbət cavab gəlib ki, onlar da qatılacaqlar. Amma hələ bu, son deyil, cavablar gəlməkdə davam edir”. 

Ş.Xuduoğlu bildirdi ki, yarmarkada böyük endirimlərin olmasına, fərqlilik etməyə çalışacaqlar:

“İstəyirik ki, insanlar gəlib çox kitab ala bilsinlər. Yarmarkanın sürprizləri də olacaq. Xaricdə yaşayan yazarlarımızdan onlayn konfransa qatılanlar olacaq, onlarla da onlayn körpü, dialoq yaradacağıq. Körpü saatlarımız da olacaq. Körpüdə Günel Mövlud, Elmir Mirzoyev, Seymur Baycan, Əli Əkbərin olacağını planlaşdırırıq. Həm də yerli yazıçıların – Pərviz Cəbrayıl, Şərif Ağayar, Çingiz Abdullayevin imza günləri keçiriləcək. Düşünürəm ki, əslində bizim kitab yarmarkamızı qurmağımızın vaxtı gəldi. Bu, yarmarka tamamilə qeyri-adi və çox gözəl olacaq”.

Mədəniyyət Nazirliyindən “Press Klub”un sorğusuna cavab olaraq bildirildi ki, sərgi “Caspian Events Organisers” (CEO) şirkəti tərəfindən həyata keçirilir: 

“Sərgi iştirakçılarına Mədəniyyət Nazirliyi tərəfindən 6 kv m. tam təchiz olunmuş stend ödənişsiz təmin olunur. Lakin 6 kv m.-dən artıq sahə CEO tərəfindən ödənişli əsaslarla təqdim olunur və ödənişli əsaslarla hər bir nəşriyyata 24 kv m.-ə qədər yer verilir. Bu ödəniş CEO-ya aiddir. Nazirlik sərginin yüksək səviyədə keçirilməsi üçün naşirlərə maksimum dəstək göstərir”.

Turqut