Qarabağda xidmət keçən Rusiya Federasiyası sülhməramlı hərbi kontingentinin komandanı növbəti dəfə dəyişib. Bu vəzifəyə general-leytenant Gennadi Anaşkin təyin edilib. 

Təyinat qəfil və gözlənilməz olub, çünki Qarabağdakı sülhməramlı qüvvələrin ilk komandanı Rüstəm Muradovun yerinə cəmi 2 həftə əvvəl təyinat aparılmışdı. Muradovu əvəzləyən general-mayor Mixail Kosobokov sentyabrın 9-da bölgəyə gəlmiş və İrəvanda Ermənistanın müdafiə naziri Arşak Karapetyanla, ertəsi gün isə Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşərək fəaliyyətə başlamışdı. 

Gennadi Anaşkin də bölgə ilə tanışlığa Ermənistandan başlayıb. Bu gün o, Rüstəm Muradov və Mixail Kosobokovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. 

Sual yaranır: general Kosobokovun missiyasının çox qısa sürməsi və onun qəflətən başqa bir zabitlə əvəzlənməsi nə ilə bağldır? Çünki o, Qarabağa göndərilkərkən bu təyinatın 2 həftəlik olacağı bildirilməyib. Belə qısa müddət üçün heç Ruisyadan yeni general göndərməyə də ehtiyac yox idi, Qarabağdakı hərbi kontingentin başqa bir zabiti həmin müddətdə bu vəzifəni rahatlıqla icra edə bilərdi. Rusiya tərəfi dəyişikliyi Kosobokovun karyera yüksəlişi ilə izah edib. Xatırladaq ki, Mixail Kosobokov Rusiyanın Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun birləşmələrinin komandan müavini idi. Onun yeni vəzifəsi barədə hələlik məlumat yoxdur. Lakin yenə sual ortaya çıxır: belə qısa müddətdə hansı çox operativ təyinat ehtiyacı yaranıb ki, həmin tapşırıq üçün Rusiya Silahlı Qüvvələrinin general heyəti içərisində məhz Kosobokov uyğun görülüb?

İstisna deyil ki, komandanlıqda dəyişiklik Azərbaycan tərəfinin etirazları nəticəsində gerçəkləşib. Çünki general Kosobokov fəaliyyətə başladıqdan sonra bəzi xoşagəlməz hadisələrin baş verdiyi barədə xəbərlər yayılırdı. Məsələn, sülhməramlıların Laçın rayonu ərazisində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən sonra dəhliz ətrafında yeni müşahidə məntəqələri yaratdığı, nəzarət etdikləri ərazini genişləndirdiyi haqda qeyri-rəsmi məlumatlar var. Erməni mənbələri Azərbaycan əsgərlərinin sentyabrın 21-də Xocavəndin Cütçü kəndi istiqamətində öz postlarını irəli çəkmək istədiyini, hadisə yerinə gələn Rusiya hərbçilərinin müdaxiləsi nəticəsində geri çəkildiklərini iddia edir. Bundan başqa, ötən həftə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı fəaliyyətə dair informasiya bülletenində erməni tərəfinə istinadən Azərbaycan ordusunun arəşkəsi pozduğu qeyd olunmuşdu. Şübhə yoxdur ki, Bakı bu məqamlarla bağlı öz etirazlarını qapalı kanallarla Kremlə çatdırıb və Moskva da regiondakı sülh və əməkdaşlıq prosesinin yeganə moderatoru kimi öz roluna, liderliyinə xələl gəlməməsi üçün tərəfsizliyini qorumağın vacibliyini dərk edərək bu məsələdə Azərbaycana güzəştə gedib. 

Prezident İlham Əliyevin Kremlə yaxın hərbi ekspert İqor Korotçenkoya müsahibəsində Rusiyaya ünvanladığı isti mesajlar və sülhməramlıların fəaliyyətini müsbət qiymətləndirməsi də diqqəti cəlb edir. Halbuki son həftələrdə Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı narazı tonda açıqlamlar verirdi. “Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir”, – deyə İ.Əliyev bildirib. O qeyd edib ki, Rusiya prezidenti Putinlə onu çox böyük etimada əsaslanan münasibətlər bağlayır: “Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür… İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik”.

Bəs, sülhməramlıların yeni komandanı, general-leytenant Gennadi Anaşkin kimdir? 

G.Anaşkin 1968-ci ildə keçmiş Kuybışev – indiki Samara şəhərində doğulub. Ryazan Ali Hərbi Hava-Desant Məktəbini, Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını və Baş Qərargahın Hərbi Akademiyasını bitirib. Onun tərcümeyi-halına nəzər salanda görmək olur ki, Moskva öz adlı-sanlı generallarından birini Qarabağa göndərib. Təkcə onu qeyd etmək lazımdır ki, Anaşkin “Rusiya Qəhrəmanı”dır və 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibədən sonra bu ada layiq görülüb. Belə ki, 2007-ci ilin iyunundan etibarən məşhur 76-cı Pskov Qvardiyaçı Desant-Hücum Diviziyasının alay komandiri olan Anaşkin 2008-ci ilin avqustunda Cənubi Osetiyada gərginlik başlayarkən həyəcan siqnalı ilə bölgəyə göndərilib. Avqustun 9-na keçən gecə onun komandanlıq etdiyi batalyon-taktiki qrupu marşa başlayıb və səhər saatlarında Sxinvaliyə çatıb, oradan isə gürcü ordusu ilə döyüşə-döyüşə Qori şəhərinə doğru irəliləyib. Anaşkinin qrupu Variani kəndində Gürcüstan ordusunun hərbi anbarını və artilleriya batareyasını məhv edərək teleqüllənin olduğu hakim yüksəkliyi nəzarətə götürüb, oradan Tbilisi istiqamətinə yönəlib. Avropa Birliyi adından Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə atəşkəs əldə olunduqda Rusiya ordusu, o cümlədən G.Anaşkinin qüvvələri Gürcüstan paytaxtının 25-30 kilometrliyində idi. Sentyabrın 5-də Rusiya prezidentinin qərarı ilə Gennadi Anaşkin “Qızıl Ulduz” medalı ilə təltif olunmaqla “Rusiya Federasiyasının Qəhrəmanı” adına layiq görülüb. Qeyd etmək yerinə düşər ki, G.Anaşkin 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər Bosniya-Herseqovonada Rusiya sülhməramlı qüvvələrinin tərkibində də xidmət keçib.   

Maraqlıdır ki, general Kosobokov da Cənubi Osetiya müharibəsinin iştirakçısıdır, daha sonra isə Abxaziyadakı Rusiya 7-ci hərbi bazasının komandanı təyin olunub. Göründüyü kimi, Rusiya rəhbərliyi münaqişə zonalarında təcrübə keçmiş peşəkar zabitlərini Qarabağa göndərməyə üstünlük verir. Bu fakt Moskvanın Qarabağdakı sülhməramlı əməliyyata, ümumən regiondakı maraqlarını qorumağa nə qədər böyük diqqət və həssaslıqla yanaşdığını göstərir. 

Müəllif: Şahin Cəfərli