Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənova qarşı ittihamlardan biri də budur ki, səfirlik üçün bina büdcədən ayrılmış vəsaitdən xeyli ucuz qiymətə alınıb. Sabiq səfir vəsaitin qalan hissəsini mənimsəməkdə təqsirləndirilir.

Cinayət işinin materiallarında iddia olunur ki, Eldar Həsənov Serbiyada səfir olarkən Belqradda səfirlik binası 1 milyon 350 min avroya alındığı halda, büdcədən 3 milyon 205 min avro pul ayrılıb. Eldar Həsənov isə məhkəməyə ifadəsində bildirib ki, səfirlik binalarının alınması üçün əmlak seçimindən tutmuş, qiymətə qədər, bütün məsələlər Bakıdan gələn komissiyanın nəzarətində olub. Xarici işlər nazirinin müavini Vaqif Sadıqovun sədrlik etdiyi komissiyada nazirlik rəsmiləri ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də olub.

Bəzi hallarda ayrılan vəsaitlə alqı-satqı müqaviləsindəki rəqəmin fərqlənməsinə gəlincə, keçmiş səfir qeyd edib ki, əmlak sahibləri satışdan daha az vergi ödəmək üçün qiymətin müqavilədə az göstərilməsini istəyirdilər. Müqavilədəki məbləğ hesaba köçürülür, qalan məbləğ isə nağd şəkildə verilirdi.

2010-2012-ci illərdə Serbiya səfirliyində mühasib işləmiş Azər Şamilzadə sentyabrın 30-da məhkəmədə dindirilərkən eyni məzmunda danışıb: “Binanın seçilməsi, qiyməti və sair məsələlər Vaqif Sadıqovun sədrlik etdiyi komissiyanın işi idi. Biz heç nəyə qarışmırdıq. Binanı özləri seçdilər, sənədlər hazırlandı, bizə ancaq qol çəkməyə verildi”.

Azər Şamilzadə deyib ki, mühasib kimi vəzifəsi səfirlikdə maliyyə sənədlərini hazırlamaq, ödənişləri həyata keçirmək idi. Sənədləri hazırlayıb səfirin müşavirinə təqdim edirdi, o da təsdiqləyirdi.

Səfirlik binasıyla bağlı alqı-satqı müqaviləsində Azər Şamilzadənin də imzası olub. O, prokurorun qiymət fərqi barədə sualına belə cavab verib: 

“Əmlak şirkəti vardı – “Ambassador”, müqaviləni o tərtib eləmişdi. Binanın sahibi ilə razılaşdırmışdı. Əmlak sahibi demişdi ki, aşağı məbləğ göstərilsin. Səbəb də budur ki, orada əmlak satışına görə vergi çox idi, ödəmək istəmirdi. Əvvəl hətta dedilər ki, pulun hamısı nağd ödənilsin, Eldar Həsənov razılıq vermədi. O bildirdi ki, tam sənədləşmə olsun. Biz onların 200 min avrosunu saxlamışdıq. Çünki bina səfirlik üçün münasib deyildi, həyətdə hovuz vardı, ləğv olunmalıydı, hasar təmir edilməliydi. Bu işlər görüləndən sonra qalan 200 mini də verdik”.

Şahidin dediklərinə əlavə edən Eldar Həsənov bildirib ki, nazir müavininin sədrlik etdiyi komissiyaya “Ambassador” şirkəti 6 bina təklif etmişdi. Onlar arasından üçünü seçiblər və araşdırma aparıb, birinin üzərində dayanıblar. Bəyəndikləri bina ilə bağlı məlumatları Nazirlər Kabinetinə göndəriblər. Nazirlər Kabineti də XİN-lə razılaşdırandan sonra onun alınması haqda tapşırıq verib:

“Şahidlərə bu sualları verməyə nə ehtiyac var? Səfirliyin 20 illik arxivini Baş Prokurorluğa gətiriblər. Ayrıca bir otaqdadır. İstəyirsiz, otağın yerini də deyim. Dərinə getmək istəmirəm. Müstəntiq üç dəfə istintaq materiallarını dəyişib. Mən 175 min manat qənaət eləyib, büdcəyə qaytarmışam, müstəntiq bu məbləği 7 dəfə artırıb, ittihamda büdcəyə ziyan vurulması kimi qələmə verib. Səhv olar, amma bu qədər də yox. Şahidlər deyir ki, park salınmasına görə Eldar Hüseynova (Heydər Əliyevin heykəli qoyulan parkın salınması üçün Belqrada ezam edilən memar – red.) 240 min verilib. Müstəntiq isə bunu Eldar Həsənovun mənimsəməsi kimi təqdim edib. Bu qədər haqsızlıq olmaz. Dövlətin ora ezam etdiyi adamlar, nəzarət eləyənlər olub. Müstəntiq isə bunları nəzərə almadan, kor-koranə şəkildə ağzına gələni yazıb. O müstəntiq gəlib burada məhkəmədən xahiş eləsin, desin ki, səhv eləmişəm, məni bu vəziyyətdən çıxarın…”

Prokuror Eldar Həsənovun çıxışına etiraz edərək deyib ki, onun danışdıqlarının verilən ittihama aidiyyəti yoxdur.

“Dövlət ittihamçısı, özünüzü yığışdırın! Özünüzə hörmət qoyun, dinləməyi bacarın! Mən sizi sona qədər dinləyirəm, hörmət edirəm. Mənə qarşı hörmətsizlik etməyin. Mən buna səbr edə bilmirəm. Bu müstəntiq naşıdır? Bunu haradan tapıb gətiriblər? Gör, biz kimlərin əlində qalmışıq!.. Hörmətli prokuror, zəhmət çəkin, iş materialları ilə tanış olun. Görün ki, Eldar Hüseynov hansı səlahiyyətə malik olub, onu kim təyin edib. Siz bilsəydiniz ki, Eldar Hüseynov mənimlə eyni səlahiyyətdə olub, bu gün burada belə suallar verməzdiniz…”, – keçmiş səfir belə deyib.

Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

Gülər