Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalayıb.

“Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır”, – deyə sərəncamda bildirilir. 

Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Prezidentinə təqdim etməlidir.

Təhsil naziri Emin Əmrullayev yerli mediaya açıqlamasında bildirib ki, proqramın böyük hissəsi magistr pilləsini əhatə edəcək. Onun sözlərinə görə, bakalavr pilləsi üzrə ən yüksək reytinqli və müxtəlif sahələrdə (beynəlxalq olimpiadalarda) fərqli nailiyyətlər əldə edən gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi mümkün olacaq.

Xatırladaq ki, Azərbaycanda 14 il əvvəl qəbul edilmiş “2007-2015-cu illərdə Xaricdə Təhsil üzrə Dövlət Proqramı”nın icrası yarımçıq qalıb. Proqramda 5 min azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil alması nəzərdə tutlsa da bu say 3500 nəfəri keçməyib. Dövlət Neft Fondu hesabına maliyyələşdirilən proqram, qeyri-rəsmi məlumatlara görə, əsasən siyasi mülahizələrlə (gənclərin müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının təsirinə düşməsi, ölkəyə qayıtmaması, hökumət əleyhinə xaricdə müxalif fəaliyyətlərə qoşulması və s.) dayandırılıb. Bəs Prezidentin imzaladığı sərəncam bu sahədə nəyi dəyişəcək?

Təhsil eksperti Kamran Əsədov Pressklub.az-a açıqlamasında bildirib ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onun sözlərinə görə, onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Ekspert qeyd edir ki, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar: 

“Onlardan biri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dağıstan, Gürcüstan kimi ölkələrdə təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta nüfuzlu ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə – iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. 

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. 

Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan və digər Avropa ölkələrinin univerisutetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompüter və ya informasiya texnologiyaları, nanotexnologiya kimi ixtisaslar olur. 

Üçüncü kateqoriyanı isə prezidentin “2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar: Beynəlxalq münasibətlər, Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər ixtisaslarıdır. Dövlət Proqramının əsas məqsədləri baxımından, qeyd olunun ixtisaslar çox vacibdir”.

K. Əsədov qeyd edir ki, bu proqram çərçivəsində 3500 nəfərin təhsil xərclərinə 90 milyon manatdan çox vəsait ayrılsa da, onun effektivliyi əmək bazarında müşahidə olunmayıb: “Belə ki, daha çox dövlət orqanları üçün nəzərdə tutulmuş kadrlar əmək haqqının azlığı və prespektivin olmaması ucbtından özəl sektorda çalışmağa üstünlük verirlər. Digər tərəfdən, bəzi şəxslər heç də dünyanın nüfuzlu universitetlərindən məzun olmayıblar. Bir vacib məqamı da qeyd edim ki, heç də xarici ölkələrdə təhsil almış şəxslər yerli universitetlərimizin məzunlarından savadlı, bacarıqlı deyillər. Sadəcə olaraq, xarici ölkələrdə təhsil alanların İKT bacarıqları, xarici dil bilgiləri və hadisələrə praqmatik yanaşmaları fərqlənə bilər. Amma biz hələ də rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formlaşmasında, təhsilin, səhiyyənin, turizmin, nəqliyyatın, kənd təsərrüfatının inkişafına, qida ehtyatı və qida təhlukəsizliyinin formalaşmasında onların rolunu, fəaliyyətini görə bilmirik”.

Siyasi fəal, xaricdə təhsillə məşğul olan HCC – Human Capital Consulting şirkətinin rəhbəri Bəxtiyar Hacıyev Pressklub.az-a bildirib ki, 2007-2015-ci illər arasında reallaşdırılan xaricdə təhsil üzrə dövlət proqramı Azərbaycanın müstəqillik illərində neft gəlirlərinin ən ağıllı sərmayə kimi qoyulduğu nadir istiqamətlərdən biri idi. Onun sözlərinə görə, proqramın ilk illərində müəyyən qüsurlar və təcrübəsizlik halları olsa da, 3500-dən çox gənc dünyanın yüzlərlə fərqli ölkələrində müxtəlif ixtisaslar üzrə keyfiyyətli təhsil ala bildi: 

“Təkcə Böyük Britaniyada 1000-dən artıq Azərbaycan gənci təhsil almışdı. Onların bir çoxu Azərbaycana qayıdaraq müxtəlif dövlət qurumlarında, özəl sektorda öz bilik və bacarıqlarını tətbiq etdilər. Təhsil aldıqları müddətdə isə oxuduqları ali təhsil müəssisələrində ölkəmizin fəal təbliğatçılarına çevirlmişdilər. Bu proqramın davam etməsini dəstəkləyənlərdən biri olmuşam. Lakin hakimiyyətdə bəzi şəxslər ölkə rəhbərini inandırmağa müvəffəq olmuşdu ki, proqram öz məqsədlərinə çatmayıb, xaricdə təhsil almağa gedən gənclər oradakı demokratik və ədalətli mühiti görüb, Azərbaycana qayıtdıqdan sonra eyni demokratik tələbləri irəli sürür və onları idarə etmək çətin olur. Məhz bu yanaşma ilə, 2015-ci ildəki iqtisadi böhranı bəhanə edərək, proqramın müddəti uzadılmadı. Əvəzində, daha dar çərçivəni əhatə edən yeni bir proqram hazırlandı”.

B. Hacıyevin sözlərinə görə, 2007-2015-ci illər arası reallaşdırılan proqramla bağlı bir yanlış təsəvvür də bundan ibarətdir ki, bu proqram vasitəsilə daha çox məmur övladları xaricdə təhsil alır. “Bunun yanlış mövqe olduğunu həm statistik məlumatlar göstərir, həm də nüfuzlu ali məktəblərə qəbul olmaq asan deyil, əgər hansısa məmur övladı da bütün imtahanları verərək qəbul olursa və məzun olursa, onun da xaricdə daha yaxşı təhsil alıb, daha demokratik ölkələrdə yaşaması və o təcrübəni öyrənməsi özü də proqramın bir töhfəsidir”, – deyə o, vurğulayıb. 

Siyasi fəal bildirir ki, qarşıdakı illərdə reallaşdırılacaq proqram daha çox tətbiqi elmlərə, informasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişməsinə önəm verəcəksə, belə sahələr prioritet olacaqsa, dövlət büdcəsindən bu proqrama vəsait ayrılmasını təqdir etmək lazımdır: “Əvvəlki proqrama ümumilikdə 200 milyon manatdan çox vəsait ayrılıb, bu da ildə ortalama 20-25 milyon manat deməkdir. Bu, böyük mənimsəmələrin olduğu tikinti işlərinə ayrılmış vəsaitdən xeyli azdır. Bütün ola biləcək qüsurlara baxmayaraq, neft kapitalının insan kapitalına çevrilməsi, gənclərin arzu etdikləri nüfuzlu təhsil müəssisələrində təhsil almaqları üçün təhsil haqqı, yaşamaq xərclərinin dövlət tərəfindən ödənməsi müsbət addımdır”.

Turqut