Müəllif : Orxan Əliyev

Dünyada tək və ya cüt səbr gətirməyin artıq ölüm-qalım məsələsinə çevrildiyi bir əsnada koronavirus məmləkətimizi hədəfə alıb. Lap tariximizdə bizə qarşı olan həmlələri xatırlatdı. Ərəblər, farslar, monqollar, ruslar… Saymaqla bitməz. Hə, bir də Hitler var idi, ancaq tort şəklində Bakını « yeyə » bildi. Biz bu və digər həmlələrdən hər zaman üzüağ və başıuca çıxmağı bacarmışıq.

Hələ fevralın əvvəlləri, Sumqayıt şəhər İcra Hakimiyyəti Çinə yardım olaraq tibbi maska, steril əlcək və tibbi spirt göndərəndə fərəhlənmişdim. Dost-qardaşa dar gündə əl uzatmağın bizim adət-ənənəmiz olduğunun isbatı və başqası ilə bölüşə bilmək mədəniyyətinin göstəricisi olaraq dünyaya verilən güclü mesaj kimi alqışlamışdım. Belə bir yardım həm də bizim qeyri-neft sektorunun bariz inkişaf nümunəsi olub, təhlükəni öz beşiyində boğmaq üçün aparılan uzaqgörən siyasətin bir hissəsi idi.

Çünki yanvar ayında Çin yuxarıda sadalanan ləvazimatların çatışmazlığından və istehsalını yetişdirə bilmədiyindən Çexiya hökumətindən kömək istəmişdi. Bildiyimiz kimi, Çexiya dünyada tibbi ləvazimatların keyfiyyətli istehsalçılarındandır. Lakin Çexiya belə bir köməyi göstərməkdən imtina etmişdi. Niyəsini vallah, anlamadım – necə ki, onların Slovakiya ilə bir güllə belə atmadan ayrılmalarını… Çexiyanın yardım əlini uzatmaqdan imtinası və bu yardım əlini bizlərin uzatması məndə elə bir hiss yaratdı ki, bizim təbabət elmi koronavirusun dərmanını tapıb və bu bəlanın qapımızı döydüyü təqdirdə, onu məhv etmək üçün effektli tədbirlər planı var. Bizim məmləkət hələm-hələm heç bir « xarici həmləyə » asanlıqla təslim olmayıb.

Bunu ağlımdan keçirmişdim ki, AZAL prezidentinin İranla hava əlaqəsinin kəsilməyəcəyi barədə bəyanatı gözümə dəydi. Halbuki bir çox ölkələr bu addımı artıq atıblar. Sözün doğrusu, bu bəyanat məni həm narahat etdi, amma bir o qədər də ümidləndirdi. Belə bir virusun tüğyan etdiyi zamanda bu tipli bəyanat Hippokrat andına sadiq səhiyyə naziri ilə məsləhətləşmədən mümkün ola bilməzdi. Səhiyyəmizə öz töhfələrini əsirgəməyən milli İbn Sinamızın razılığı olmasaydı, sözügedən bəyanat da verilə bilməzdi.

Deməli, virusa  meydan oxumaq və « onun öz meydançamıza qədər belə asanlıqla irəliləməsinə şərait yaradılması», virusa qalib gəlmək üçün düşünülmüş bir taktiki gedişdir – futbolda tez-tez eşitdiyimiz kimi, ən yaxşı hücum müdafiədir. Belə bir soyuqqanlı davranışın sərgilənməsi bizim bu virusun gəlişinə su çərşənbəsinin gəlişindən daha artıq hazır olduğumuzun isbatıdır. Yoxsa, niyə axı özümüzü riskli ölkələr sırasına qatıb, başqa dövlətlərin bizimlə hər cür – quru, hava və s. əlaqəsinin kəsilməsi ehtimalını gözardı edək.

Bu və digər fikirlər ağlımdan keçirdi ki, məmləkətin baş epidemioloqunun mövzuya dair mülahizələri bizim bu virusa qarşı bütün taktikamızı ələ verdi, virusdan yeganə qurtuluş yolunun ünvanını bizə xatırlatdı. Çox təəssüf ki, məşhur türk serialının baş qəhrəmanı Polad Aləmdar kimi “bizim itirəcəyimiz bir şey yox, sonunu düşünən qəhrəman olmaz” deyə mülahizələrini tamamlamadı. Polad hardasa, 400 seriya bu sözləri deyə-deyə hamıyla baş edə bilmiş və düşmənlərini tarixin əbədiyyətinə qovuşdurmuşdu. Göstərdiyi yol isə biz bəndələrin daima dar gündə üz çevirdiyi yoldur.

Allah bizi gözlə görünən və görünməyən bəlalardan hifz etsin…