Dövlət qurumlarında korrupsiyaya qarşı həyata keçirilən əməliyyatlara səssiz qalan bir siyasi təşkilat var – ölkənin iqtidar partiyası. Əslində Yeni Azərbaycan Partiyasının (YAP) iqtidar partiyası klassifikasiyasına nə qədər uyğun gəlməsinin özü sual altındadır. Çünki hazırki idarəçilik sistemində YAP-ın rolu çox zəifdir, hətta proseslərin gedişində hökumətin əl-ayağına dolaşan köhnəliyin qalığı təəssüratını yaradır.

Təbii ki, rəsmi statusu “hakim partiya” olan bu təşkilatın indiki vəziyyətə düşməsi bir-iki ilin məsələsi deyil. Artıq uzun müddətdir, YAP siyasi sistemin mərkəzi rolunu itirib. Əvvəllər onun üzərində formalaşmış klan idarəçilik sitemini öncə oliqarxiya idarəçiliyi əvəzlədi, hazırda isə texnokratlar komandası əvəz edir. YAP nə oliqarxiyaya, nə də indiki komandaya liderlik edə bilməyib. O, hadisələrin arxasınca sürünən, sistemin “beşinci təkəri” rolunu oynamaqda davam edir. Bunun nə qədər davam edəcəyi məlum olmasa da, siyasi reallıqlar YAP üçün formal hakimliyin perspektivsiz olduğunu göstərir. Bu, ilk növbədə Azərbaycanda yaranan yeni ictimai-siyasi münasibətlərlə bağlıdır.

Hakimiyyətin də dayandırmağa çalışdığı, sonda bacarmayıb, proseslərdə aparıcı rola iddia etdiyi siyasi reallıqlar formalaşıb. Bunun başlıca təzahürü Azərbaycanda yeni siyasi müstəvinin yaranması, ənənəvi siyasi və media resurslarının burada işə yaramamasından doğan ziddiyyətlərlə bağlıdır. Konkretləşdirsək, iqtidarın idarəçilik metodları yeni dövrün çağırışlarına cavab verə bilmir. Prezident də bəyan edir ki, ölkədə çoxtərəfli islahatlar kursu elan olunub, yeni siyasi konfiqurasiya formalaşdırılır. Parlamentdə müxalifət adına təmsil olunan partiyalar müəyyən postlara dəvət olunub, habelə siyasi administrasiya onları təkbətək görüşə dəvət edib, təkliflərini öyrənir. Gözlənilir ki, bunun nəticəsi olaraq idarəçilikdə tamamilə fərqli meyarlar tətbiq olunsun. Bəs, iqtidar partiyası sayılan YAP ölkənin birinci şəxsinin elan etdiyi bu kursda hansı rol alır? Ümumiyyətlə, o, yeni siyasi münasibətlərdə necə iştirak edə bilər? Axı, YAP heç dəyişməyib və dəyişmək belə istəmir. Bu günlərdə partiyanın icraçı katibi Əli Əhmədov YAP-çı icra başçılarının həbsini ikibaşlı təəssüflə qarşılayarkən, bunu bir daha təsdiq etdi. Baxmayaraq, YAP-ın lideri olan prezident hakim partiyada da ciddi islahatların, dəyişikliklərin vacib olduğunu bəyan etmişdi. Aradan yarım ilə qədər vaxt ötsə də, partiyanın içində bir tərpəniş yoxdur. Həminki sürüngən, monoton fəaliyyət, arada isə müxalifətlə söyüşmələr davam edir…

YAP 750 min üzvə, parlamentdə 70-dən artıq deputata malikdir. Bu rəqəmlər bir neçə çağırş Milli Məclisdə o qədər də dəyişməyib. Partiyanın deputat korpusunda kəmiyyətlə bərabər, keyfiyyət dəyişikliyi də baş verməyib. Yeni parlamentdə 20-yə yaxın təzə YAP-çı var, amma onların və elə könələrin ölkənin ictimai-siyasi həyatında rolunun nədən ibarət olduğu məlum deyil. Baxmayaraq ki, köhnələrin döşünü “ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətlərinə görə” dövlət təltifləri, nişanları bəzəyir. Bu xidmətlərin sırasında Milli Məclisdə edilən dəstək çıxışları, siyasi rəqibləri qurşaqdan aşağı, vulqar ifadələrlə təhqir etməkdən o tərəfə bir fəaliyyət yoxdur.

YAP çoxillik parlament fəaliyyətində cəmiyyətin maraqlarını, problemlərini əhatə edən bircə qanun layihəsi ilə çıxış etməyib. İstər milli maraqları, Qarabağ problemini, istərsə də sosial-iqtisadi, siyasi məsələləri əhatə edən, cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı rəğbət doğuran bir təşəbbüsün müəllifi belə olmayıb. Bunun əksinə, bəzi müstəqil deputatların bu cür təşəbbüslərini dərhal boğmaq, onların ağzından vurmaq, “inkişafı gözü götürməyən” damğası yapışdırmaq, ələ salmaq, aşağılamaq YAP çoxluğunun əsas məşğuliyyətinə çevrilib. Yaxud, Azərbaycandakı vəziyyətlə bağlı müxalifətin, beynəlxalq təşkilatların haqlı tənqid və iradlarına qarşı səfərbərlik nümayiş etdirmək də bu sıraya daxildir. Uzun illər dəyişməyən bu mövqe, ictimai maraqlara qarşı əks yanaşma YAP-ın nüfuzdan düşməsinə gətirib çıxarıb. Ölkənin şərti olaraq birinci partiyası cəmiyyətdə artıq ciddi dayaqlara, sağlam mövqeyə sahib deyil.

Yeni siyasi müstəvi formalaşarkən bu ziyanlı fəaliyyətin bütövlükdə hakimiyyətə nə qədər ciddi başağrısı gətirdiyi üzə çıxır. Belə ki, hakim partiya artıq siyasi rəqabət imkanlarını itirib, onun bir çox funksionerləri müxalifətin, vətəndaş cəmiyyətinin orta səviyyədə olan təmsilçilərinin qarşısına çıxmaqdan belə acizdirlər. Onların fikirləri ictimaiyyətdə pozitiv diskurs yaratmır, əksər hallarda sosial şəbəkələrdə lağ, qınaq, şəbədə obyektinə çevrilirlər. YAP-ın uzun illər dəstəklədiyi media da yararsız vəziyyətə düşüb, onların nə tirajı, nə elektron əlavələrində izləyiciləri var. Beləliklə, hakimiyyət siyasi mübarizədə çox önəmli iki resursdan məhrum olub:

Partiya faktiki, öz funksiyasını yerinə yetirə bilmədiyi üçün siyasi resurslardan;

Hakimiyyətə bağlı, YAPsayağı idarə olunan iqtidar mediasının ictimai rəy formalaşdıra bilməməsindən.

Nəticə etibarilə hər iki çatışmazlıq hakimiyyətin apardığı yeni kursun ictimai dəstəkdən məhrum qalmasına gətirib çıxarır. Ən yaxşı ideyalar, proqramlar irəli sürülsə belə, onların icra mexanizmlərindəki problemlərlə yanaşı, ictimaiyyətə normal təqdim olunması da problemə çevrilib. Hazırda ictimai rəyin formalaşdırılmasında sosial şəbəkələr üzərindən yayılan media platformalarının rolu böyükdür. Bu sahədə iqtidara bağlı və siyasi kontentə malik heç bir resursu yuxarılarda göstərmək mümkün deyil. Bu, hakimiyyət üçün təhlükəli haldır. Bu gün ictimai rəyə təsir imkanlarının itirilməsi, sabah başqa vacib resursların əldən çıxmasına səbəb ola çıxara bilər.

Bu boşluğu doldurmaq, ölkəyə nəzarətin gücləndirilməsini təmin etmək üçün hakimiyyətin əlində güc amilindən başqa bir resurs qalmır. Amma cəmiyyətlə həmişə bu dildə danışmaq, vəziyyəti nəzarətdə saxlamaq mümkün deyil. Yaxud, milyonlarla vəsait xərcləyib, məcburən “trol ordusu” saxlamaq da işə yaramır. Cəmiyyətlə danışmaq, inandırmaq, gözləntilər yaratmaq üçün siyasi və media resurslarına, təmiz kadrlara, yenilənmiş aydın siyasi kursa ehtiyac var.

Bu gün hakim komandada aparılan dəyişikliklər, korrupsiya və rüşvət əməliyyatları YAP-ı da əhatə etməlidir. Partiya yenidən qurulmalıdır, bundan əvvəlki dövrün yarıtmaz üsullarından, kadrlardan imtina olunmalıdır. Daxili inkişafa, rəqabətə təkan verilməlidir, qohumbazlıq, nepotizm hallarından uzaqlaşmaq, hakimiyyətə, bütövlükdə cəmiyyətə yararlı kadrların irəli çəkilməsinə imkan vermək vacibdir. Beləliklə, YAP öz liderinin apardığı yeniləşmə siyasətinə nəhayət, dəstək olmağa özündə güc tapmalıdır.

Bunun ilkin ifadəsi nədə ehtiva oluna bilər? Məsələn, yeniləşən YAP-ın müxalifətlə dialoq aparmaq üçün təşəbbüs göstərməsi heç vaxt gec deyil. Yeni sivil münasibətlərin vacibliyini elan edib, siyasi düşmənçiliyə son qoymaq bu gün cəmiyyətə hava-su kimi lazımdır. Ölkənin problemləri ilk növbədə partiyalar arasında həqiqi dialoq müstəvisinə yatırılmalıdır. Buradan çıxan ortaq nəticələr, ideyalar həm hakimiyyətə, həm də ictimai müzakirələrə ötürülə bilər. Ölkədəki qadağaları, insanın inkişafını, itisadi-siyasi inkişafı buxovlayan süni məhdudiyyətlərin aradan qaldırılmasının təşəbbüskarı elə hakim partiya olmalıdır.

Bir sözlə, YAP yenidən siyasi partiyaya olmağı bacarıb, cəmiyyətin yararlı elementinə çevrilməlidir. Bu, ölkədə hakimiyyət-vətəndaş qarşıdurması meyllərinin azalması üçün ən yaxşı platforma rolunu oynaya bilər…

Turqut