Siyasi azadlıqların məhdudlaşdırılması, seçki institutunun sıradan çıxarılması, müxalif siyasi fəaliyyətin təhlükəli məşğuliyyətə çevrilməsi Azərbaycanda siyasi sistemə və bütövlükdə ölkəyə ağır zərbələr vurub. Nəticədə iqtidar-müxalifət münasibətləri düşmənçilik səviyyəsindədir, ritorika qarşılıqlı nifrət, hiddət ibarələri ilə zəngindir. Uzun illər davam edən siyasi xarakterli təqiblər cəmiyyətin siyasi proseslərdə iştirakçılığını kəskin azaldıb. Nəticədə siyasi institutlar, o cümlədən siyasi partiyalar zəifləyib, bir qismi hakimiyyətin nəzarətinə keçib, bundan imtina edən qüvvələr isə məhrumiyyətlərə düçar olublar.

Beləliklə, hakimiyyətə qarşı alternativ siyasi fəaliyyət ancaq hər şeyi gözə alan fədakarların məşğul olduğu, icmalaşmış kiçik bir çevrənin peşəsinə çevrilib. Uzun illər –  sosial media ortaya çıxıb, populyarlaşana qədər – onların cəmiyyətlə əlaqələri ciddi şəkildə məhdudlaşdırılıb, çərçivəyə salınıb. Bu situasiyada hakimiyyət özünü xeyli rahat hiss edib, bir qapıya oyun oynayıb, başqa elementlərə – QHT-lərə, yeni formalaşmağa başlayan fərqli siyasi qruplara qarşı da ramedici təqiblərə start verib. Qısa müddətdə bu zərbələr nəticəsində Azərbaycanda üçüncü sektor, siyasi qurumlar zəiflədilib, nəzarət alına alınıb, yaxud ölkədən çıxmağa məcbur edilib. Siyasi idarəçiliyə ictimai nəzarət kəskin məhdudlaşdırılıb ki, bu da nəhayətsiz korrupsiya, rüşvətxorluq və s. mənfi halların tendensiyaya, dövlət siyasətinə çevrilməsinə gətirib çıxarıb. 2015-ci ildə və ya bu günlərdə yüksək vəzifəlilərin həbsləri zamanı ortaya çıxan dəhşətli korrupsiya, talançılıq faktları bu nəzarətsizliyin pik illərində əldə olunan “nailiyyət”lərin bariz nümunəsidir. Qərar qəbuledicilər bu prosesə vaxtaşırı referendumlar, seçkilər keçirməklə legitimlik qazandırdıqları hüdudsuz hakimiyyətin təhlükəszilik təminatı kimi baxıblar. Siyasi olimpdə belə bir düşüncə formalaşıb ki, Azərbaycanda heç zaman hakimiyyət dəyişməməlidir, buna cəhd etmək, bu istiqamətdə fəaliyyət göstərmək olmaz, hətta cinayətdir. Ona görə də siyasi azadlıqlar, seçki institutu, media və s. demokratik alətlər bu niyyətə uyğunlaşdırılıb, formal hala gətirilib və bu siyasət davam etdirlir. Proses bütövlükdə cəmiyyətin həyatına dağıdıcı təsir göstərməklə ölkənin milli təhlükəsziliyinə, milli maraqlara də zərbə vurur. Bu zərbələri daha aydın təsəvvür etmək üçün onları qruplaşdırmağa ehtiyac var.

Əvvəla, seçki yolu ilə hakimiyyəti formalaşdırmaq imkanlarının itirilməsi ölkənin siyasi inkişafını əngəlləyən başlıca faktordur. Azərbaycan cəmiyyətinin böyük bir hissəsi, xüsusən gənc nəsil, siyasi fəaliyyətlə məşğul olmaq istəmir. Onların potensialı realizə olunmur, fikirləri, ideyaları, enerjiləri, təhsilləri ölkənin inkişafına xidmət etmir. Gənclərin ancaq nepotizm və s. üsullarla seçilmiş bəzi nümayəndələri hakimiyyət strukturlarında təmsil oluna bilirlər. İrəli çəkilənlərin siyasi qərarlarda iştirakçılıq imkanları yoxdur, onlar ən yaxşı halda korrupsiya pramidasında yer almayan icraçılardır.

Daha sonra siyasi institutların zəiflədilməsi, siyasi platformaların, diskussiya mühitinin, bütövlükdə siyasi məktəblərin sıradan çıxması ölkəyə böyük zərbədir. Normal inkişaf yolu keçmiş ölkələrdə siyasi rəqabət şəraitində uğur qazanmış, xalqdan seçki yolu ilə mandat almış siyasətçilər idarəçiliyə gəlirlər. Onların daim ciddi müxalifəti, tənqidçiləri, habelə üzərlərində davamlı ictimai nəzarət olur. Bundan da cəmiyyət faydalanır. Bu imkanlar çox təəssüf ki, Azərbaycan cəmiyyətinin əlindən alınıb. Ölkə uzun müddətdir ki, çoxillik nazirlər, icra başçıları, onların qohumları, yaxınları tərəfindən idarə olunur. Bu sitem ölkədə qeyri-məhdud korrupsiyaya, qeyri-şəffaflığa, iqtisadiyyatın müxtəlif sahələrində inhisarlaşmaya, gəlirlərin kiçik oliqarxiya qruplarının nəzarətinə keçməsinə səbəb olub.

Prosesin başqa zərərli nəticələrindən biri Azərbaycanın mütərəqqi dünyadan getdikcə uzaqlaşmasıdır. Ölkə Qərb strukturlarına inteqrasiya proseslərindən kənarda qalmaqla böyük maliyyə, texnoloji, siyasi dəstəklərdən, xüsusən insan inkişafını stimullaşdıracaq çox vacib proqramlardan da kənarlaşıb. Bu gün təkcə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin məqsədli şəkildə dar çərçivəyə salınması, assosiativ üzvlüklə bağlı sazişin imzalanmaması, yaxud Azərbaycan iqtidarının özü tərəfindən Aİ-yə təklif olunan Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanmasının yubadılması Azərbaycana böyük ziyan gətirir. Bakının müxtəlif bəhanələri var, amma Dünya Ticarət Təşkilatına üzvlükdən, Aİ-nin insan hüquqlarının qorunması, siyasi azadlıqların bərpası ilə bağlı tələblərindən imtina etmək, media azadlığına, toxunulmazlıq hüququna, müstəqil məhkəmlərlə bağlı real islahatların aparılmasına qarşı çıxmaq bilavasitə ölkənin milli maraqlarına toxunur. Bütün bu tələblər istisnasız olaraq Azərbaycanın faydalanacağı məsələləri əhatə edir.

Bundan başqa, inkişaf etmiş ölkələrlə ikitərəfli münasibətlərin dərinləşməsində də bu faktorlar tormozlayıcı rol oynayır. Beynəlxalq hesabatlarda ölkənin adının korrupsiyalaşmış, media azadlığı və siyasi azadlıqların risk altında olduğu dövlətlər sırasında göstərilməsi ciddi problemlər yaradır. Azərbaycan indi ancaq neft-qaz təchizatçısı kimi tərəfdaş ölkə olaraq özünü təqdim edə bilir.

Təəssüf ki, Azərbaycanın əldən verdiyi bu mövqelərdə Ermənistan önə çıxmağa çalışır, daxildə müəyyən islahatlar aparır, beynəlxaq aləmdə üstün mövqe qazanıb, bundan Azərbaycana qarşı təzyiq kimi istifadə edir. Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif beynəlxalq kürsülərdə məhz bu mövzulara yönəlməsi diqqətdən qaçmamalıdır. Yerevanın münaqişə ilə bağlı mövqeyində Azərbaycanın qeyri-demokratik, Ermənistanın və Dağlıq Qarabağdakı oyuncaq rejimin demokratik olması barədə tezislər üstünlük təşkil edir. (Son iki ildə həm Ermənistanın, həm də onun işğalı altındakı Azərbaycan ərazilərində qurulmuş rejimin başçıları seçki yolu ilə dəyişib.) Bu da şübhəsiz, işğalçıya beynəlxalq əlaqələrdə əlavə manevr imkanları və siyasi-mənəvi üstünlük qazandırır.

Beləliklə, ölkədəki arzuolunmaz siyasi atmosferin milli maraqları necə təhdid etdiyi barədə mənzərə formalaşır. Amma imkanların axıra qədər itirildiyini düşünmək olmaz. Hakimiyyətin situasiyanı dəyişmək, ölkədə siyasi azadlıqlara təminat vermək üçün hərtərəfli islahatlar aparmaq imkanları var. Səmimi niyyətlə bu prosesə start verilməsi, yeni açılım siyasətinin elan olunması qısa müddətdə Azərbaycanı dirçəldə, ölkəni normal inkişaf yoluna çıxara bilər. Bunun üçün mütləq qaydada fərdi və qrup maraqlarını kənara qoymaq, ölkənin və onun vətəndaşlarının mənafelərini hər şeydən üstün tutmaq lazımdır.

 

Turqut