Müəllif: Fəxrəddin Mehdiyev (hüquqşünas)

Pandemiya həm də qlobal dünyanın zəifliklərini üzə çıxardı. Bəşəriyyəti məhv etməyə qadir silahlar hazırlayan dövlətlər virusa təslim oldular, səhiyyə və sosial sistemlərinin acizliyindən vətəndaşlarını vaxtında xilas edə bilmədilər. Çox ziddiyyətli və paradoksal vəziyyətdir.

Aydındır ki, demokratik və qeyri-demokratik dövlətlərdə böhranın yaratdığı mənzərə fərqlidir.  Böhran demokratik ölkələri daha da  gücləndirəcək. Çünki demokratik ölkələrin təbiətində problemlərin həll edilməsi potenisalı güclüdür: idarəetmədə çeviklik, insanları səfərbər etmə qabiliyyəti, cəmiyyətin idarə edilməsində  xalqın fəal iştirakının təmin edilməsi və s.

Yeni dünya düzəni demokratiyanın güclü dalğası ilə müşayiət olunur.  Bu, əsasən bir sıra faktorlarla əlaqədardır. Birincisi, dünya vahid bir orqanizmə çevrilib. Hər hansı ölkədə baş verən ədalətsizlik, qanunsuzluq, bütün dünyaya mənfi təsir edir. Ona görə, insan haqları, demokratiya, cəmiyyətlərin təhlükəsizliyi təkcə hər hansı ölkənin daxili işi deyil. Bu, həm də dünyanın problemidir.  İkincisi, dünyada  iqlim, ekoloji, texnogen və s. qlobal təhdidlər artır. Belə bir şəraitdə siyasətçilərin, məmurların adekvat qərarlar qəbul etmək məsuliyyəti də artır. Müasir dövr kadrlardan yüksək peşəkarlıq, müstəqillik və ən əsası, mənəvi məsuliyyət tələb edir. Belə kadrları isə yalnız demokratik hakimiyyət verə bilər.

Böhran qeyri-demokratik hakimiyyətlərə ağır zərbə vurmaqla, onları sıradan çıxaracaq. Sosial şəbəkələr qeyri-demokratik hakimiyyətlərin manipulyasiya imkanlarını əlindən alır. Sosial şəbəkələr xalqı siyasiləşdirir və meydanlara çıxarır. Bu, yeni bir mərhələdir. Belə nümunələr hər günün xəbərlərində var. Bu mənada biz qeyri-demokratik ölkələrdə sürətli dəyişikliklərin şahidi olacağıq.

Belarusda baş verən hadisələr bunun nümunəsidir. Müxalifətin real namizədlərini prezident seçkisindən kənarlaşdıran prezident Lukeşenko siyasətlə məşğul olmayan insanları belə siyasətə gətirdi, həbsdə olan bloger Sergey Tixanovskinin həyat yoldaşı, əvvəllər siyasətlə məşğul olmayan Svetlana Tixanovskaya müxalifətin vahid liderinə çevrildi. Seçkiqabağı keçirilən izdihamlı mitinqlərdə  və seçkidən sonrakı aksiyalarda insanlar demokratik dəyişikliklər  tələb edirlər.

Rusiya Fedrasiyasında da xalqın siyasi fəallığının yeni mərhələsi başlanıb.  İyulun 9-da Xabarovsk diyar qubernatoru Sergey Furqalın həbsi iyulun 11-dən bu şəhərdə davamlı, izdihamlı mitinqləri alovlandırdı. Əvvəlcə Furqala azadlıq tələb edən mitinq iştirakçıları hazırda prezidentin istefası tələbini səsləndirirlər. Və mitinq Rusiyanın başqa şəhərlərinə də yayılır.

Beləliklə, pandemiya şəraiti qeyri-demokratik hakimiyyətlərin ziddiyyətlərini, zəifliklərini üzə çıxardı. Xalq səhnəyə çıxır, qətiyyətlə ləyaqətli yaşamaq hüququnu tələb edir. Bu hüququ ancaq demokratik hakimiyyət verə bilər. Böhran isə bu prosesi sürətləndirir.

Ümumiyyətlə, dünyada demokratik inkişafın yeni mərhələsi başlanır. Xalq bu prosesin aparıcı qüvvəsinə  çevrilir, sosial şəbəklər isə ən güclü vasitədir. Ona görə də, qeyri-demokratik hakimiyyətlərdə sürətli dəyişikliklərin baş verməsi tarixi prosesin tərkib hissəsidir.

Böhran həm də imkandır. Demokratiya imkanı, ləyaqətli yaşamaq şəraiti yaratmaq imkanı…