Müəllif: Namiq Hüseynli

Günel Mövludun yeni və ilk romanı “Düşərgə”ni axır ki bu günlərdə oxuyub, bitirdim. Kitabın çıxacağını hələ 3-4 il əvvəldən yazar dostlarla məclislərdə müzakirə edirdik, mövzusunun nə olduğu, neçə səhifəli roman olduğu haqda bir-birimizdən soruşurduq, amma dəqiq məlumat bilmirdik. Kitab çıxmağa az qalmış qaçqınlarla bağlı bir layihə üçün Günel Mövluddan müsahibə almalı oldum və demək olar, o müsahibədə kitabın məzmunu ilə yaxından tanış ola bildim. Deyim ki, o müsahibə boyu çox fərqli hisslər keçirdim. Həm kədər, həm təəssüf, həm ağrılar, həm qorxu, həm nifrət. Elə müsahibədə də, kitabda olduğu kimi, birdən-birə 10-15-20 obrazla qarşılaşdım, hərəsinin psixoloji portreti ilə ötəri tanış oldum.

“Düşərgə” romanı 1990-2000-ci illər arasında bir çoxumuzun həyatından qalın, qara xətt kimi keçən kasıblıq, qıtlıq, müharibə faciələriylə dolu bir dövrün təsviridir. Burada Qarabağdan, daha doğrusu, Cəbrayıldan qaçqın düşmüş insanların Sabirabadın Qalaqayın kəndi yaxınlığında salınmış bir düşərgədə keçən həyatından bəhs edir.

Qeyd etməyi lazım bilirəm ki, özümün də uşaqlıqda həmin qaçqınlıq dönəmini yaşamağım romanı mənimçün doğmalaşdırdı. Məsələ ondadır ki, mən və ailəm Ermənistandan qaçqın düşmüşük və Qarabağ qaçqınlarından fərqli olaraq, ermənilər bizə evimizi Azərbaycandakı ermənilərlə dəyişdirməyə ya da ermənilərə satıb, bütün əşyalarımız, mal-qoyunumuzla və hətta kömürümüzlə doğma evimizdən Azərbaycana köçməyimizə imkan vermişdi. Qaçqınlığın ilk illərində atamla anam işsizlik, pulsuzluq, qıtlıq çəksələr də, sonradan neft bumu ilə bizim də vəziyyətimiz zamanla düzəlməyə başlamışdı. Yadımdadır ki, elə buna görə Qarabağdan gələn məcburi köçkünlərdən fərqli olaraq, ermənistanlı qaçqınlara nə hökümət, nə də humanitar təşkilatlar elə bir ərzaq, yaxud pul yardımı etmirdi. Hətta belə bir xatirəm də var ki, o vaxt Bakıda yaşadığımız ev Tibb Universitetinə çox yaxın idi və Tibb Universitetinin yataqxanasında Qubadlı, Şuşa qaçqınları məskunlaşmışdı, bir dəfə bizim məhəllədəki ermənistanlı qonşularımız xəbər gətirdi ki, qaçqınlara humanitar yardım verilir, gedək yardım alaq. Ya utandıqlarına görə, ya da lazım bilmədikləri üçün bizim evin böyüklərindən heç kim oraya yardım almağa getmədi, amma mən, 8-10 yaşlı uşaq, qonşu qadınlara qoşulub ora getdim. Yardım quru süd, yağ, makaron, şəkər tozu, ədyal və s. kimi şeylərdən ibarət idi. Mən ermənistanlı qonşulardan qabaq yüyürüb yardım istədim. Yardım paylayanlar əvvəlcə atamın, anamın adını soruşdular, sonra haradan qaçqın olduğumu bilmək istədilər. Mən “Ermənistan” deyəndə yardım verməkdən imtina etdilər. Xatirimdə qalan odur ki, qonşudakı diribaş arvadlardan biri həmin gün ordan bir quru süd ala bilmişdi.

Qayıdaq “Düşərgə”yə. Bu romanla bərabər oxumağı mütləq tövsiyə etdiyim əsər Şərif Ağayarın naməlum Azərbaycan yarımsəhrasında yerləşən, qamış evlərdən ibarət bir qaçqın qəsəbəsindən bəhs olunan “Gülüstan” romanıdır. Bədii keyfiyyəti, maraqlı təhkiyəsi ilə “Gülüstan”ı oxuyandan sonra qaçqın düşərgəsində həyatdaqalma mübarizəsi haqda az-çox məlumat almaq olur. Ancaq “Düşərgə” romanı ilə “Gülüstan” arasında çox bariz bir yarğan, hətta uçurum mövcuddur. İkisi də Qarabağ qaçqını olan bu müəlliflərin ikisi də eyni dövrdə yaşadıqları, şahidi olduqları qaçqın düşərgəsi haqda danışdıqları halda, “Gülüstan”da həqiqət daha bulanıqdır, müəllif özünüsenzuraya yol verir, mental qaydalara diqqətlə əməl edir, ehtiyatlandığı üçün hətta hadisələrin baş verdiyi yeri gizlədir, təxəyyül məhsulu olan bir xəritə təqdim edir ki, bu qədər ehtiyatlı, çəkingən olmağa heç ehtiyac yox idi. Bu baxımdan “Düşərgə” isə qaçqın həyatı ilə bağlı bol acı həqiqətlərlə dolu, bir dövrün tarixini və məişətini, adət-ənənələrini dərindən analiz edən bir əsərdir. Burada biz təkcə qaçqın həyatını yox, 20 il öncənin dəbini, musiqisini, adətlərini, insan münasibətlərini, dövlətin vəziyyətini görə bilərik. “Düşərgə”də biz hadisələri 11-12 yaşlı qaçqın qızın gözündən izləyirik. Müəllif müharibədən ötəri bəhs edir və diqqətini əsasən öz gördüyü, bildiyi qaçqın həyatına yönəldir. Əsərin bəlkə də hələlik ən çox xoşuma gələn tərəfi modern ədəbi tələb olan yığcamlıqla bərabər, həddən çox obrazın bir-birini əvəz edərək oxucuya təqdim edilməsi, hər birinin keçmişi, indisi və gələcəyi ilə bağlı qısa məlumatlar, psixoloji portretləri oldu. Bu minvalla biz bir kiçik roman oxuyaraq 50-60 adamla tanış olub, hərəsinin taleyini bir cür ağırlaşdıran müharibənin çirkin üzünü dərk edirik.

Əlbəttə, bütün müharibələr və onların sonrakı fəsadı olan qaçqınlıq ilk növbədə qadınların və sonra uşaqların taleyində böyük çatlar əmələ gətirir. “Düşərgə” romanında da əsas xətt məhz buna həsr olunub. Əsərdə birinci əzabkeş, fədakar, insansevər qadın müəllifin öz anası, sonrakılar isə daha acı taleyi olan ərini itirən, ər evindən qovulan, oğlunu itirən, əri içkiyə qurşanmış, erkən yaşda ərə verilən, qonşusu tərəfindən hər gecə zorlanan müxtəlif qadınlardır. Romanda qadın əzablarının təsvirindən bol heç nə yoxdur. Onlar hər addımbaşı döyülür, söyülür, alçaldılır, zorlanır, fahişəliyə cəlb edilir və tərk edilir. Lakin romanda müəllifin ata nənəsi, şax, hökmlü, təmizkar, əri, oğlu, gəlinləri idarə edə bilən, qaçqın şəhərciyində yaşamasına baxmayaraq, hələ də dəbə uyğun geyinən, özünə heç nədən korluq verməyən qadın obrazı da var ki, bu qadın obrazı bir növ roman boyu ara-sıra ortaya çıxır, elə bil taleyi sınmış başqa qadınlara nümunə göstərilir.

Günel Mövludun köşə yazılarında güclü hiss olunan feminizminin kökünü aydın şəkildə “Düşərgə” romanında görmək mümkündür. Bu, qəddar, rəhmsiz, zorakılığa meylli, hər cür insani hissdən məhrum ata obrazıdır. Əlbəttə ki, mən və söhbət etdiyim oxucuların hamısı bu ata obrazının gerçək olduğuna şübhə duyur, müəllifin bir qədər şişirtməyə yol verdiyini deyirlər. Roman elə qızını sadə bir suala görə qapazlayıb, ağzını qanla dolduran ata obrazının təsviri ilə başlayır. Sonra bu ata obrazı öz arvadına qarşı daim zorakılıq edir, döyür, söyür, hətta hamilə qoyandan sonra heyvanlara vurulan iynə ilə onun hamiləliyini bitirir, dözülməz ağrılara tərk edir ki, bu son hadisə ataya olan nifrətin təsiri ilə olduqca şişirdilmiş və gerçəyə uyğun olmayan hadisə kimi görünür. Bütün bunlar həm də ona görə inandırıcı görünmür ki, müəllif artıq dünyasını dəyişmiş və sağkən münasibətləri korlanmış atanı bolca tənqid edir, onu monstr kimi göstərir, amma həmin atanı kişi nümunəsi kimi görmüş və məntiqlə elə ona bənzəməli olan qardaşlar haqda ancaq yaxşı fikirər yazır. Ümumiyyətlə, əlbəttə, ədəbiyyat hər cür təsvirin məqbul olduğu bir eksperiment meydanı olsa da, uşaqlıq travmalarını illərlə üzərlərində gəzdirərək bundan əziyyət çəkdiklərini bütün əsərlərində bariz hiss etdirən müəlliflər bezdirici, maraqsız və inandırıcılıqdan uzaq təsiri bağışlayır. Mənim baxışımca müəllifin müdrikliyi o travmalarla ya fərdi şəkildə, ya da psixoloq köməyi ilə bacarıb, onların ağrılı izləri haqda optimizmlə bəhs etmək olardı.

Əsərdə başqa bir şişirtmə halı isə fikrimcə, zorlamanın düşərgə həyatının adi rutiniymiş kimi təqdim edilməsidir. Qalaqayın qaçqın düşərgəsində az qala hamı-hamını zorlayır, evli qadınlar, tək qalmış qadınlar, əlil qadın, qız uşaqları, oğlan uşaqları zorlanır. Gecə olanda seksual zorakılığa meylli olan kişilər başqa çadırlara girib, ordakı qadınları zorlayıb, çıxırlar və heç kimin bundan xəbəri olmur, olsa belə, susurlar. Hətta bir epizodda müəllif yazır ki, nisbətən imkanlı olan bir nəfər bir ərli qadının çadırına dadanır, vaxtaşırı onu zorlamağa gəlir, əvəzində isə ona ərzaq yardımı edir. Müəllifin təxəyyülünə görə, qadının əri bundan xəbərdardır və sırf ərzaq yardımına görə zorakının gələcəyini öncədən müəyyənləşdirib, həmin ərəfədə qaçıb harasa gedir, bir müddət yoxa çıxır ki, zorakı gəlib onun arvadını zorlasın və əvəzində onlara ərzaq yardımı eləsin. Düşünürəm ki, bu epizod güclü mental dəyərlərə, namus kodekslərinə malik Qarabağ bölgəsi icmasının təbiətinə tamam ziddir. Müharibə dövründə Cəbrayıl batalyonunun komandirlərindən, hərbçilərindən, ordan qaçqın düşmüş insanlardan romandakı bu cür epizodlar haqda dəfələrlə soruşsam da, hamısı bunu yalanladı, müəllifin təxəyyülünün məhsulu olduğunu dedilər.

Bu dəmdə yadıma rus yazarı Serqey Dovlatovun məsləhəti düşdü. O, “Zona” romanında həbsxanada işləyərkən başından keçmiş xatirələri haqda yazır və qeyd edir ki, bir zamanlar həqiqətən inanılmayacaq olayların da şahidi olub, amma belə olayları hekayə və romanlarında təsvir etməyə çəkinib. Çünki belə epizodlar əsərlərə bir dəyər qatmamaqla bərabər, həm də müəllifin diletantlığını aydın şəkildə hiss etdirir.

Günel Mövludun hal-hazırda Norveçdə mühacir həyatı yaşaması və romanı elə azərbaycanca çap etdirdiyi ərəfədə xarici dilə tərcümə etdirib çap etdirməyə hazırlaşması əsərin həm də əcnəbi auditoriya üçün yazılmasının xəbərçisidir. Əlbəttə, bir anda məşhurlaşmaq və əcnəbilərin rəğbətini qazanmaq üçün qadına qarşı zorakılıq mövzusunun qabardılması düşünülmüş bir strategiya da ola bilər. Amma mən belə mövzularla əcnəbi oxucunun saqqızının oğurlanmasına elə də inana bilmirəm. Hər halda, belə nümunələr azdır. Əcnəbi də elə bizim kimi inandırıcı hadisəyə inanır, inandırıcı olmayana isə gülüb keçir, müəllifə şübhə ilə yanaşmağa başlayır. Ən əsası isə, illərcə incələdiyim bir qanunauyğunluq var ki, ölkəsindən xaricdə məşhurlaşmış yazarların əksəriyyəti həm də ilk öncə öz ölkəsində böyük ədəbi uğurlar qazanmış, çoxlu kitabları çıxmış, xaricdə bir-birinin ardınca çap etdirdikləri əsərlərdə isə güclü istedad, ağır zəhmət, nəhəng mütaliənin izləri əcnəbi oxucunu heyran qoymuş yazarlardır. Çox nadir hallarda bir qaçqın yazarın yazdığı sensasion (dini təhqir etmək, özünün ya da yaxınlarının zorlanmasından bəhs etmək, diktatora tənqidlər yağdırmaq kimi tryuklarla) cümlələrlə ölkəsindən kənarda epizodik məşhurlaşması və sonra da sönən ulduz kimi unudulub getməsi məlumdur. Bu baxımdan “Düşərgə” bizə xaricdə roman yazarkən nələri etməkdən çəkinməli mövzusunda da dəyərli təcrübə qazandırır.

Yekun olaraq, “Düşərgə” romanını bütün çatışmayan tərəfləri ilə birlikdə yaxın tariximizdə yazılmamış böyük bir dövrə alternativ baxış hesab edirəm. Müəllif Azərbaycanda yaşayan və Qarabağdan yazan yazarlardan fərqli olaraq, özünüsenzuraya yol vermir, qarşılaşdığı, gördüyü hər şeyi bir-bir qeyd edir, sənədləşdirir, göstərir və gələcək nəsillər üçün çox dəyərli məlumatlar ötürür. Qarabağ müharibəsi və müharibə sonrasından bəhs edən əksər əsərlərdən fərqli olaraq, “Düşərgə”də ucuz millətçilik, pafos, düşmənin amansızlığı ritorikaları başımızı aparmır. Əlbəttə ki, müharibənin çirkinliyi, insan talelərinə vurulmuş zərbələr düşmənə nifrət körükləmədən, siyasətdən danışılmadan, ənənəvi dövlət təbliğatına yol vermədən ən səlis belə ifadə olunardı.