Müəllif: Seymur Həzi

Azərbaycan parlamentinin sədrinin Rusiyadakı, yüngül desək, naşı davranışının kökündə həm də onun siyasətçi olmaması durur. Necə ki, bir sıra faciələrimizin kökündə deputatlarımızın “siyasətə qarışmaması”, hətta yeni spikerin özünün siyasətə qəfil gəlməsi dayanır. Ondan əvvəlki spiker  də korrupsiyaya bulaşmış bir dövlət müəssisəsindən parlamentə təşrif buyurmuş və qurumun başına keçirilmişdi. Bəli, ifadə qaba ola bilər, amma vəziyyəti tam əks etdirir. Sahibə Qafarovanın siyasətdən xəbərsizliyi və siyasətçi ruhundan xali olması, təbii, onun davranışına ciddi təsir göstərir.

“Lavrov”suz keçmiş və gələcək…

MM sədrinin şəxsiyyətinə dair polemikalara girmək fikrim yoxdur. Amma xanım deputat məsələyə sırf insani nöqteyi-nəzərdən baxır. Bu zaman isə davranışı haqlı və təbii görünür. Sahibə xanım bilir ki, Lavrov və onun Bakı emissarları olmasaydı, o, nəinki spiker, heç bəlkə, Slavyan Universitetində professor ola bilməzdi. AMEA-da bir şöbədə rus və Azərbaycan dillərində sözlərdə vurğunun hansı hecaya düşməsinə dair müqayisəli elmi iş yazacaq, 230 manat maaş alacaq və universtetlərin birində saathesabı dərs deyəcəkdi. Bunun ardınca isə həftə sonlarında metro və ictimai nəqliyyat bağlananda az gəlirlə taksiyə minə bilmədiyi üçün hökumətdən narazılıq edəcəkdi.

İndi siz düşünün, Sahibə xanım onu bu aqibətdən qurtarıb , siyasətimizin  tanınan adamına çevirmiş sistemin işləyən başlarından birinin qarşısında baş əyməsin də, nə etsin? Hər hansı dövlətin başqa dövlətin işinə qarışmaq mexanizmlərindən biri də məhz budur – onun işini “təşkil etmək”, məsələn, parlamentinə deputatlar “seçmək”. Bu mənada Rusiya Azərbaycan üçün “çox iş görüb” desək, yanılmarıq.

İlham Əliyev nə axtarırdı?

Dövlət rəhbəri uzun zamandır “beşinci kolon” axtarırdı.  Hətta “tapıb”, cəzalandırdı da. Ötən ilin sonlarında Aşqabadda MDB dövlət başçılarının sammitində o, AXC əleyhinə çıxış edərək, öz müxalifətini beynəlxalq tədbirdə aşağıladı. Amma sonradan məlum oldu ki, bu düşərgədə heç bir “kolon”dan söhbət getmir. Əgər “beşinci kolon” olmağın indiki şərti Rusiyaya bağlılıqdırsa, o zaman İlham Əliyev nə adla onu müxalifət arasında axtarır?

İlham Əliyev bilir ki, Azərbaycan parlamentini Azərbaycan xalqı təşkil etməyib. Başqa bir məqam isə ondan ibarətdir ki, axı 2020-ci ilin parlament seçkiləri islahat adı altında buraxılan qanunvericilik orqanını doldurmaq üçün keçirilib. Lakin bu zaman özünü antirusiyaçı kimi göstərən və ya təqdim edən qrup nəinki islahat edə bilib, hətta əvvəlki vəziyyətindən də geri düşüb. Söhbət konkret Oqtay Əsədovun spikerlikdə qala bilməməsindən gedir.

İndi nə etməli?

Yeni yaranmış konfiqurasiyanın özündə də səhv olduğu görünür. Məncə, dövlət rəhbəri düşünür ki, ətrafındakı qüvvələr onu bu vəziyyətdən çıxarmağa qadirdir. Burada birinci səhv onun yeni konfiqurasiyasında Kremlə ciddi şəkildə bağlı olan və Qərb-Türkiyə siyasətini sabotaj edən qrupların qalmasıdır. Bunu aşkar etmək Əliyevin yaxın ətrafının işidir. İkincisi, bu vəziyyətdən çıxmaq üçün atılacaq ən real addım xalqla münasibətlərdə dəyişikliyə getməkdir. Çünki hakimiyyəti “köhnə qüvvələr”in orbital təsirindən ancaq bu çıxara bilər. Söhbət konkret olaraq dövlət başçısının şəxsindən də getmir. Siyasətin qrammatikasına görə, bu vəziyyətdən yalnız bir çıxış yolu var ki, bu da yerli köklərdə bərkiməkdir. Əslində dediyimiz baş verməsə, Əliyev soldan gələn təhdidə görə sağa çəkildikcə, sağın özü təhdidə çevriləcək. Yəni heç bir xarici qüvvəni neytrallaşdırmaq üçün başqa xarici gücə istinad etmək indiki məqamda düzgün addım olmayacaq. Çıxış yolu məhz öz köklərimizdə bərkiməkdir: yəni real siyasi dialoq və gerçək islahatlardır. Yalnız bu yolla biz “beçinci kolon”un altıncı hissini neytrallaşdıra və onun bizə təsirinin qarşısını ala bilərik.