Müəllif: Seymur Həzi

Hələ döyüş əməliyyatları – düşmənin hücumu və əks-hücum əməliyyatı başlamazdan öncə bu sətirlərin müəllifi yazmışdı ki, 2 məsələ Azərbaycanda və Ermənistanda səhv başa düşülür. Birincisi, Azərbaycanda belə bir qənaət bərkiyir ki, avtoritar hakimiyyət torpaqları tələb edə, dövlətin haqlı mövqeyində israrlı ola bilməz, ona görə əvvəlcə demokratik dəyişikliklər lazımdır. İkincisi, Ermənistanda elə başa düşürlər ki, Paşinyanı xalqın dəstəyi və təzyiqi ilə hakimiyyətə gətirmək onun bütün seçimlərinə haqq qazandıra bilər. Yəni, daha ermənilər nə etsələr, dünya deyəcək ki, buyurun, keçin yuxarı başa. Əlbəttə, belə deyil. Məsələyə bu məqamlardan ona görə giriş edirik ki, hazırkı mənzərənin daha aydın təhlilini verə bilək. 

Azərbaycan haqlıdır və…

Qarabağ məsələsində Azərbaycan haqlıdır. Obrazlı desək, BMT-nin baş ofisindən Kəlbəcərin Murovuna kimi bu, heç kimdə sual doğurmur. Ona görə məhz Kəlbəcər ki, BMT-nin məşhur qətnamələri bu rayonun işğalından sonra qəbul olunub və Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılması tələb edilib. Azərbaycanda bu illər ərzində xeyli siyasi dəyişiklik baş verib. Amma bunun BMT-də tanınmış ərazilərimizdə hansısa inzibati dəyişiklik üçün əsas olacağını düşünməyə heç bir əsas yoxdur. Məsələn, qərar çıxarıla bilməz ki, Azərbaycanda demokratiya ilə bağlı problemlərin mövcudluğu səbəbindən ərazilərini alıb, veririk qonşularına. Bu məntiqlə gərək Şimali Koreya, Çin, elə Rusiyanın özü əsl hədəf olsun. Əlbəttə, müqayisə qüsurlu görünə bilər, amma dünyada tək və sonuncu avtoritar ölkə Azərbaycan deyil ki… Bu başqa məsələ ki, demokratiya olsaydı, səsimiz daha yaxşı gələrdi. Azərbaycan haqlıdır və İlham Əliyevin Azərbaycan ərazilərində ölən erməni əsgərlərinə ünvanlanmış sualı da kifayət qədər yerində verilmiş sualdır: onlar niyə oradadırlar? 

Ermənistan haqsızdır və… 

Paşinyanın son dərəcə avantürist qərarlarının nəticəsində Ermənistan və ermənilər hələ çox narahat olacaqlar. Çünki ermənilərdə belə səhv qənaət formalaşıb ki, əgər liderlərini demokratik qaydada seçiblərsə, deməli, dünya onlara ləbbeyk deyəcək. Paşinyanı Hitlerlə müqayisə etmək daha bir qüsurlu bənzətmə ola bilər, amma unutmamalıyıq ki, dünya bir zamanlar alman xalqının demokratik seçki ilə hakimiyyətə gətirdiyi Hitlerə qarşı birləşdi və vuruşdu. Bir xalqdan səs almaq, başqa xaldan torpaq və can almaq üçün əsas ola bilməz. Ona görə də, Paşinyanın bu cür havalı siyasi qərarları regionda gərginliyi artırır və Azərbaycan rəhbərliyinin buna lazımsız təmkin göstərməməsi kifayət qədər doğru addımdır. Bu baxımdan Ermənistan haqsızdır, ancaq hələ bunu tam dərk edəcək qədər sağlam hissiyata malik deyil. 

Beynəlxalq birlik bezib… 

Azərbaycan öz suverenliyi çərçivəsində ən yüksək muxtariyyət təklif etdiyi halda, Ermənistanın daha kəskin bəyanatlarla çıxış etməsi vasitəçiləri də çətin vəziyyətə salırdı. Görünür ki, Azərbaycan rəhbərliyi bu cür “diplomatik şıltaqlığın” ciddi fəsadlar yaratdığının fərqinə vardı və məsələnin çürükçülük müstəvisindən çıxması üçün fürsətdən istifadə etdi. Türkiyə, Rusiya və İran kimi qonşuların reaksiyasından bəlli olur ki, onlar da İrəvanın şıltaqlığının cilovlanmasında maraqlıdırlar. Bəlli səbəblərdən Türkiyənin rolunu ayrıca dəyərləndirsək, Moskva və Tehranın indiki halda bu cür həyəcansız görünməsini avtoritar liderlər qarşısında özünü “seçilmiş rəhbər” kimi aparan Paşinyanın “xidmətləri” kimi də qiymətləndirə bilərik. Üstəlik, demokratlığa qol çırmamış biri ard-arda hərbi təxribatlara əl atmaqla, həm də Qərb ölkələrini onu müdafiə etməkdən çəkindirir. Əks təqdirdə, belə rəy yarana bilər ki, demokratik dünya Paşinyana “seçilmisən, nə bilirsən, et” mesajı verib. Ona görə Qərb dairələri sülh arzulamaqla bərabər, Azərbaycanın ərazi bütövlüyünə dair əvvəlki bəyanatlarına sadiqdirlər və belə də davam edəcəyi görünür.