Müəllif: Seymur Həzi

Azərbaycan növbəti atəşkəsə getdi. Qeyri-müəyyən vaxta və o qədər də müəyyən olmayan şərtlərlə. Azərbaycan dövlət başçısının bir neçə gün öncəki rəsmi çıxışında irəli sürülmüş şərtlərin bu atəşkəsin prinsipi kimi tanınmaması da ayrı bir məsələ kimi gündəmə gəldi. Bu barədə suallar XİN rəhbəri və İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin birgə brifinqində açıq şəkildə ictimailəşdi. Açıqlanan şərtlərlə perespektiv danışıqları substantiv adlandırmaq doğrudurmu? Bu suala ayrıca aydınlıq gətirmək lazım olacaq.

İlham Əliyevin şərtləri:

  1. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir;
  2. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil;
  3. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir;
  4. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır;
  5. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir.

Biz Moskvada qəbul edilən şərtlər arasında bu beş şərtdən birinci dördünü görmədik. Beşinci isə mexaniki olaraq qüvvədən düşdü. Deməli, vəziyyət Azərbaycan tərəfinin iradəsi çərçivəsində dəyişməyib. Bunu sübut etmək üçün xüsusi “tezis-antitezis-analiz-sintez” selektiv-laborator əməliyyata ehtiyac yoxdur. Elan olunmuş mətnlər təsdiq edir ki, şərtlər mücərrəd mahiyyətlidir və onun hər birinin dəqiqləşməsi üçün xüsusi işçi qrupuna qeyri-müəyyən ölçüdə zaman lazımdır. Bu isə mahiyyətcə yeniliyin olmadığı anlamına gəlir.

Baza prinsipləri nədir?

BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Helsinki Yekun Aktına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmadan danışıqlar aparılması bizim irəli sürdüyümüz baza prinsipləridir. Amma sonradan Azərbaycanın müzakirə üçün razılıq verdiyi “Madrid prinsipləri”, “Praqa prosesi”, “Kazan prinsipləri”  deyilən anlayışlar ortaya çıxdı.  Bunlardan öncə isə “Pol Qobl planı” deyilən ərazi mübadiləsi (Laçının bir hissəsi ilə Mehrinin bir hissəsini əvəzləmək)  prinsipi də təklif edilmişdi. Bu planın icrası üzrə danışıqlar Ter-Petrosyanın hakimiyyətdən getməsi ilə  nəticələndi.

Baza prinsipləri məsələsi artıq öz-özlüyündə mücərrədləşib. XİN aydınlıq gətirməlidir ki, həmin anlayışda hökumətin ilkin irəli sürdüyü, ya sonuncu razılıq verdiyi şərtlər nəzərdə tutulur? Bundan sonra danışıqların substantiv mahiyyətli olub-olmadığı ortaya çıxacaq. Bu anlayışların detallı izahı verilmədiyi halda, hər tərəf özünün daxili aiditoriyasına istədiyi kimi şərhlər vermək imkanı əldə edir, bu isə prosesin və zamanın qeyri-müəyyənliyinin uzanmasına təkan verir.

Türkiyə gözlənilməyəni etdi 

ABŞ analitikləri belə hesab edirdilər ki, Türkiyə isti dənizlərdəki mühüm hakimiyyətindən istifadə etmək əzmindədir. Bu, Rusiyanı açıq savaşdan çəkindirəcəkdi. Rusiya Qafqazda məğlub olmaqdan çox çəkinirdi və ona görə də Bakı üçün mühüm fürsət yaranmışdı ki, Kremlin açıq qoşulmadığı savaşda irəliləsin. Türkiyə əslində bir çox şərhçinin gözləntilərindən fərqli addımlar ataraq, Azərbaycanı açıq siyasi dəstəklə təmin etdi. Azərbaycanın sonda qəbul etdiyi qərar Türkiyənin bu tutumuna adekvat oldumu? Sualın cavabını biz yaxın zamanlarda Türkiyə siyasilərinin birbaşa və ya dolaylı açıqlamalarından görəcəyik. Hər halda, Azərbaycanda çoxları belə hesab etdi ki, bu atəşkəs milli iradəni ifadə etmədi.

P.S. Azərbaycan silahlı qüvvələri 10 oktyabr 2020-ci il, gündüz saat 12 tamamdan qüvvəyə minməli olan atəşkəsin Ermənistan tərəfindən pozulmasını bu sazişin tanınmaması üçün əsas saya bilərlər. Doğrudan da, Ermənistana atəşkəs lazımdırsa, onu niyə pozur?