Yapon müəllifi Yuiçi Onoda (Yuichi Onoda) Azərbaycanın döyüşlərdə tətbiq etdiyi səmərəli taktikaya heyrət edir – bu, gələcək müharibələrin necə olacağını dünyaya göstərir. Onodanın noyabrın 6-da Yaponiyanın gündəlik ümummilli qəzetində dərc olunmuş məqaləsindən parçaları oxucuların diqqətinə çatdırırıq:

Cənubi Qafqaz bölgəsində keçmiş SSRİ respublikaları Azərbaycanla Ermənistanı qarşı-qarşıya qoyan Dağlıq Qarabağ münaqişəsi ölkələr arasında müasir müharibənin formasını tam aydınlaşdırdı — müxtəlif hərbi dronların tətbiqi və İT-texnologiyalardan istifadə etməklə geniş təbliğat belə müharibələrin əsas elementləri olacaq.

Azərbaycanın dronlardan bacarıqla istifadə taktikası xüsusilə heyran qoyur. Bu ölkə qısa vaxt ərzində Ermənistanın bütün müdafiə şəbəkəsini neytrallaşdırdı. Ekspertlərin rəyincə, məhz bunun sayəsində dünya gələcəkdə lokal münaqişələrin necə olacağını gördü.

Köhnə təyyarələrdən aldadıcı dronlar

…Müharibə başlayandan Azərbaycan belə bir taktika tətbiq etdi:

– köhnədən qalmış AN-2 təyyarələrini dronlara çevirib Qarabağa göndərdi, Ermənistanı hava müdafiəsi sistemlərini işə salmağa məcbur etdi və bununla həmin sistemlərin dəqiq yerini aşkara çıxardı. Eyni zamanda kəşfiyyatçı dronlar erməni qoşunlarının dislokasiyasını müəyyənləşdirdi;

– Artilleriyanın, “yer-yer” tipli raketlərin, düşmənin radio-lokasiya sistemlərini tapan İsrail kamikadze-dronlarının, həmçinin Türkiyənin   Bayraktar TB2 zərbə dronlarının köməyi ilə qarşı tərəfin yaxın mənzilli “yer-hava” raketlərini məhv etdi, bununla öz dronları, zenit silahları, tankları üçün əsas təhlükəni aradan qaldırdı;

– Bundan sonra bölgəyə quru qoşunları yeridib ilk növbədə rəqibin dayaq nöqtələrini ələ keçirdi.

Ermənistanın da kiçik ölçülü dronları var, amma onlar azdır və yalnız kəşfiyyat üçün yararlıdır. Buna görə də Azərbaycana qarşı heç nə edə bilmirlər…

Sosial şəbəkələrdə təbliğat

Münaqişənin bir səciyyəvi cəhəti də düşmənə zərbə endirilməsi anlarını göstərən video və fotomaterialların həm Ermənistan, həm Azərbaycan tərəfindən fəal surətdə internetdə yerləşdirilməsidir. Bu, uğurları hamıya nümayiş etdirmək üçündür.

…Ermənistan və Azərbaycan İT-məkanda informasiya müharibəsi cəbhəsi açıblar. Münaqişə başlayandan iki tərəfin də müdafiə nazirlikləri çoxlu sayda videolarını Tvitterə və vebsaytlara yükləyirlər. Bu videolarda düşmən texnikasına zərbələr və rəqibin hücumu nəticəsində dinc vətəndaşların öldürülməsi səhnələri əks olunur. Hər iki tərəf, bir yandan, əldə etdiyi uğurları göstərir, əsgərlərinin döyüş ruhunu yüksəldir, o biri yandan, opponentin qeyri-insani əməllərini nümayiş etdirməyə çalışır.

Bu videolara dünyanın istənilən yerində baxmaq olur. Beləliklə, dəqiqləşdirilməmiş məlumatların səhrəd bilmədən yayılması baş verir.

Münaqişənin xüsusiyyətlərini şərh edən ekspert Koidzumi vurğulayır: “Uğurlar xeyli şişirdilir. Ermənistan baş naziri Nikol Paşinyan Tvitterdə ümumi səfərbərlik və hərbi vəziyyət elan etdiyini bildirəndə, məndə belə təəssürat yarandı ki, informasiya müharibəsində əsas döyüş meydanında məhz bu resurs olacaq”.

Müharibənin gedişində tərəflər rəqibin qazandığı uğurları tez-tez inkar edirlər. Bundan başqa, müasir texnologiyalar saxta təsvirləri o dərəcədə keyfiyyətlə montaj etmək imkanı verir ki, yalanı doğrudan ayırmaq mümkün olmur.

Fikrimcə, gələcək mümkün münaqişələrdə internetdən təbliğat vasitəsi kimi daha fəal istifadə olunacaq. Dronların və informasiya texnologiyalarının ən geniş tətbiqi ilə Azərbaycanla Ermənistan arasında aparılan müharibə müasir döyüşün formasını bizə əyani şəkildə göstərdi.