Bu barədə AzərTAC dekabrın 25-də birinci xəbər yaydıqdan sonra Ukraynanın Цензор.НЕТ saytı məlumatı hərtərəfli təhlil edən maraqlı məqalə dərc edib. Bildirilir ki, qırıcı SU-25 Qağlıq Qarabağda hələ oktyabrın 4-də Cəbrayıl istiqamətində zenit qurğusu ilə vurulub. Təyyarəçi xilas ola bilərdi, amma ölümü seçib.

Azərbaycan Qarabağ müharibəsində idarə olunan zərbə aviasiyasından istifadə etdiyini uzun müddət gizli saxlayırdı. Amma ilk dəfədir ki, SU-25 təyyarələrinin döyüşdə tətbiqi barədə məlumat açıqlayır. Bu, həm təyyarəçi, şəhid polkovnik Zaur Nudirəliyevin göstərdiyi şücaət barədə ətraflı danışmağa şərait yaradır, həm də müasir müharibələrdə idarəolunan uçuş aparatlarının yeri, onların döyüş taktikası haqqında qiymətli material verir.

Açıqlanır ki, müharibə ərzində Azərbaycan aviasiyası 600-dən artıq uçuş həyata keçirib, cəmi bir Су-25 itirib və bu zaman ən yaxşı qırıcı-təyyarəçimiz, ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş Zaur Nudirəliyev həlak olub.

Mayor Cavid Fərəcov:

– Su-25 döyüş təyyarəsi aşağı və orta hündürlükdən uçarsa düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı yüksəkdir. Polkovnik Zaur Nudirəliyevin təcrübəsi və araşdırmaları nəticəsində taktikada olmayan yeni bir üsuldan istifadə edildi. Vətən müharibəsində yuxarı hündürlükdə “Su-25” döyüş təyyarəsindən bomba atışının yüksək dəqiqliklə həyata keçirilməsi düşməni sarsıtdı. Polkovnik Zaur Nudirəliyev bu bacarığı biz təyyarəçilərə aşılamışdı. O, həmçinin Su-25-dən lazer güdümlü bombaların ilk atışlarını yerinə yetirmişdi. Bu taktikanı tələbələrinə də öyrətmişdi. Yeni taktikalar sayəsində döyüşlərdə çox böyük üstünlük əldə edə bildik.

Şəhid təyyarəçi ilə eyni istiqamətdə uçuşlar yerinə yetirən polkovnik-leytenant Elçin Məmmədov:

– Oktyabrın 4-də polkovnik Zaur Nudirəliyevin idarə etdiyi Su-25 Cəbrayıl istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman mərkəzi komanda məntəqəsinə məlumat daxil oldu ki, düşmənin hava hücumundan müdafiə vasitələri hərəkətə keçib. Bizim kəşfiyyat məlumatımıza görə, həmin ərazidə hava hücumundan müdafiə vasitələri olmamalı idi. Hücum təyyarələrinin düşmən tərəfindən vurulması ehtimal böyük idi, buna görə dərhal bizə geri qayıtmaq tapşırığı verildi. Həmin vaxt polkovnik Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o çağırışa cavab vermədi. Artıq polkovnikin təyyarəsi düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq, polkovnik katapultdan istifadə edə bilərdi. Lakin o, düşmənə əsir düşməmək üçün bunu etmədi, düşmənə daha bir ağır zərbə vurdu, canından keçib təyyarəni onun canlı qüvvə və zirehli texnikasına çırpdı və qəhrəmancasına şəhid oldu”.

Video: Azərbaycanın SU-25 təyyarələrinin manevrləri (2019)

Deyilənlər və topladıqları əlavə məlumatlar əsasında Цензор.НЕТ-in müəllifləri aşağıdakı qənaətlərə gəlirlər:

  1. Azərbaycan 2008-2010-cu illərdə 16 ədəd SU-25 təyyarəsi almışdı. KİV-in məlumatına əsasən, onlar “Elbit” İsrail firması tərəfindən təkmilləşdirilmişdi. Yeni hədəfi təyinetmə sisteminin quraşdırılması və idarəolunan bombalardan istifadə imkanı mahiyyətcə, SU-25-lərin səviyyəsini qaldırmış, döyüş taktikasını dəyişmişdi – alçaq məsafədən zərbə endirmək əvəzinə, azərbaycanlılar bu təyyarələrdən böyük hündürlükdən zərbə üçün yüngül bombardmançılar kimi istifadə edirdilər. Azərbaycan Müdafiə nazirliyinin videoçarxlarından başa düşülür ki, SU-25-lər əsas istiqamətlərdə erməni müdafiə şəbəkələrinin 250-500 kq-lıq idarəolunan bombalarla dağıdılması üçün tətbiq edilib, Bayraktar dronları belə ağır yükü qaldırmağa qadir deyildilər.
  2. Aviasiyadan cəm halda əsas istiqamətlərdə istifadə olunub. Oktyabrın 4-də Azərbaycanın zərbə qüvvələri Cəbrayıla çıxmışdılar və buradakı əsas müdafiə şəbəkəsi uğrunda döyüşə girmişdilər. Cəbhəni yarmağa kömək üçün bütün qüvvələr, o cümlədən SU-25-lər həmin istiqamətə atılmışdı.
  3. SU-25-dən ön cəbhədə hədəfləri vurmaq üçün elə istifadə edirdilər ki, təyyarə ermənilərin hava hücumundan müdafiə sisteminin (HHM) əhatə dairəsində mümkün qədər az qalsın. Böyük hündürlükdən bomba hücumu təyyarənin piyadalarda olan silahlarla, məsələn, daşınan zenit-raket kompleksi ilə vurulması təhlükəsini aradan qaldırır. Amma belə hündürlükdə SU-25 HHM sisteminin zenit-raket kompleksləri üçün asan hədəfdir. Erməni kompleksləri qırıcını yalnız radarları işə salmaqla “tuta” bilərdilər, amma azərbaycanlıların radioelektron kəşfiyyatı bunu dərhal görər, radarın yerini müəyyənləşdirər və təyyarəçini xəbərdar edərdi. Sonra isə həmin yerə dronlar göndərilərdi. Ancaq Cəbrayıl ətrafında oktyabrın 4-də erməni raket kompleksi, görünür, pusquda imiş və radarı ancaq SU-25 geri qayıdarkən işə salıbmış, ona görə kəşfiyyat təyyarəçini vaxtında xəbərdar edə bilməyib. Ön cəbhədə ermənilər əsasən “Osa-AKM” komplekslərindən istifadə ediblər, ehtimal ki, SU 25-i də onunla vurublar.
  4. Nudirəliyevlə əlaqə anında kəsilibsə, raket zərbəsi pilota dəyib. Çətin ki, belə halda o, təyyarəni harasa yönəldə, idarə edə bilərdi. SU-25-in arxanı müşahidə etmək üçün radarı yoxdur, o, raketdən qaçmaq üçün maneə stansiyaları və radioelektron mübarizə vasitələri ilə təchiz olunmur, çünki alçaq məsafələrdə HHM sisteminin raketlərindən ehtiyat etmədən uçmaq üçün nəzərdə tutulub.

Sonradan azərbaycanlılar hücum təyyarələrini raketlərdən qorunmaq üçün elektron və optik kəşfiyyat vasitələri ilə tam təmin ediblər. Bunun nəticəsində noyabrın 9-da onlar Martuni yaxınlığında ermənilərin Rusiya istehsalı olan ən yeni Tor-2MKM zenit-raket kompleksini məhv edə biliblər.

Tor-un yeri elektron kəşfiyyat radarları işə salındığına görə müəyyən edilib və həmini əraziyə Xarop dronu göndərilib. Dron Tor-u tapıb və maşın gizlənmək üçün anqara girdiyi zaman onu vurub. Sonra Bayraktar anqara zərbə endirib və ardınca SU-25 ağır idarəolunan bomba ilə işi axıra çatdırıb.

  1. Azərbaycanın zərbə aviasiyasının tətbiqi səmərəliliyi barədə bir fakt əsasında mühakimə yürütmək mümkündür: 600-dən artıq döyüş uçuşu zamanı cəmi bir itkiyə yol verilib. Amma idarəolunan təyyarələrdən ümumi istifadə tezliyi aşağıdır: müharibənin 44 gün davam etdiyini nəzərə alsaq, 15 maşına böləndə günə bir uçuş belə düşmür. Aydındır ki, Azərbaycan komandanlığı səhvsiz işləməyə, təyyarəçilər üçün riski minimuma endirməyə çalışıb. Pilotların işini müharibənin ən səmərəli və ölümsaçan silahı – pilotsuz dronlar yerinə yetirib. Bayraktarlar güclü optik-lokasiya stansiyası daşıyırlar. SU-25-də belə stansiya yoxdur. Onun Bayraktardan yeganə üstünlüyü daha ağır bombalar daşıya bilməsindədir. Lakin yeni dron nəsilləri tezliklə bu üstünlüyü də SU-25-lərin əlindən alacaqlar.

Press Klub